AZƏRBAYCANDA ANALOQU OLMAYAN "GƏNC HƏKİMLƏR BİRLİYİ" 4 YAŞINDA
13 dekabr 2014-cü il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun təşəbbüsü ilə təsis olunan "Gənc Həkimlər Birliyi"nin yaranmasından 4 il keçir.
Bu münasibətlə Şəmkir Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ayaz İbrahimov və Gənc Həkimlər Birliyinin kollektivi iştirak edib.
Qısa zaman ərzində şəmkirlilərin həkim kimi rəğbətini qazanan gənc həkimlər artıq demək olar ki, pasientlərinin sevimlisinə çevrilib.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə sağlamlığımızın gənc keçikçilərini artıq Şəmkirdə hər kəs üçün doğma olan “Gənc Həkimlər Birliyi”nin ad günü münasibəti ilə təbrik edib: “Milli səhiyyə sistemimiz sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına hər birimiz üçün əziz olan sağlamlığımızı etibar edirik. Siz dəyərli həkimləri təbrik edir, şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayıram”.
Tədbirdə illik fəaliyyətində fərqlənən həkimlər fəxri fərmanla təltif edilib. Eyni zamanda çıxış edənlər “Gənc Həkimlər Birliyi”nin kollektivinin fəaliyyətinin daha da səmərəli şəkildə qurulması, müəyyən yeniliklərin gətirilməsində onların fəaliyyətinin təkmilləşdirilməsi üçün əməli addımların atılması qarşıya prioritet kimi qoyulub.
“Gənc Həkimlər Birliyi”nin üzvləri də öz növbəsində birlik adından onlara göstərdiyi qayğı və dəstəyə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova Təşəkkürnamə veriblər.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təsis edilmiş “Gənc Həkimlər Birliyi” rayonun rayonun müxtəlif kənd və qəsəbələrində sakinləri tibbi müayinəsini həyata keçirir, kimsəsiz və köməyə ehtiyacı olanlara şafa göstərirlər.
Yarandığı vaxtdan Şəmkir rayonunun mərkəzindən tutmuş ən ucqar kəndinə qədər xəstələri birbaşa evində müayinə və müalicə edən bu birliyə təqdirə layiq səviyyədə təşəkkür edilib.
Gənc Həkimlər Birliyinin üzvləri rayon ərazisində yerləşən körpələr evi-uşaq baxçalarında 1000-ə yaxın körpənin müayinə və müalicəsi aparılıb.
Eyni zamanda Qarabağ əlilləri də “Gənc Həkimlər Birliyi”nin diqqətindən kənarda qalmayıb. 125 nəfər Qarabağ müharibəsi əlili onların tibbi yoxlamasından keçib.
Eyni zamanda 120 nəfər uşaq üzərində sirkumsiziya əməliyyatı aparılıb ki bud a onların gördüyü xeyriyyə işinin bir parçasıdır.