Şəmkirdə "Gülxar Həsənovanın 100 illik yubileyi" təntənəli qeyd edildi
2018-ci ilin dekabr ayında Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyinin tamam olması münasibətilə təntənəli tədbir keçirilib.
Tədbir Şəmkir Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin Şəmkir regional idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Xalq artisti Mehriban Zəkiyevanın aparıcılığı ilə keçirilən tədbirdə muğam və tar çalğı alətlərinin ifasında musiqilər dinlənilib. Möhtəşəmliyi ilə yadda qalan tədbirdə dahi sənətkarın həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş olunub.
Tədbirdə Gülxar Həsənovanın Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmasından, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazması barədə ətraflı məlumatlar verilib. Gənc opera solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətlərinin olduğu vurğulanıb.
Gülxar Həsənovanın ailə üzvləri adından çıxış edənlər tədbirin təşkilinə görə Şəmkir Rayon İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinin Şəmkir regional idarəsinin kollektivinə dərin təşəkkürlərini bildiriblər.
Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 15 avqust 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirərək bütün şəmkirlilər adından ölkə başçısına təşəkkür edib. Yüksək səhnə mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqsevərlərin qəlbində dərin izlər buraxmış Gülxar Həsənovanın sənətkar kimi böyüklüyündən söz açan icra başçısı onun xatirəsinin sənətsevərlərin qəlbində əbədi yaşayacağını bildirib.
Qeyd edək ki, Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub.