"MƏQSƏDİMİZ ŞƏMKİRLİLƏRƏ LAYİQLİ XİDMƏT ETMƏKDİR" - 113 NƏFƏR VƏTƏNDƏŞ QƏBULUNDAN SONRA SAKİNLƏRLƏ GÖRÜŞ
Bu gün Şəmkirdə sakinlərin qaldırdıqları problemlərə diqqətlə yanaşılır, onların həlli üçün qəti qərarlar qəbul edilir.
Noyabrın 30-da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov RİH-nin inzibati binasında vətəndaşların qəbulunu keçirib. 113 Şəmkir sakinin müraciətini dinləyən icra başçısı qəbuldan dərhal sonra Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin akt zalında sakinlərlə görüşüşüb.
Görüşdə Alimpaşa Məmmədov əvvəlcə rayon sakinlərini salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirib, eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın aparıcı rayonlarından olan Şəmkirin də hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.
Sakinləri narahat edən məsələlərlə bağlı sualları ətraflı cavablandıran icra başçısı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.
Sakinlər də öz növbəsində istər ölkəmizdə, eləcə də rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən, aparılan köklü islahatlardan razılıq ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə qeyd olunub ki, kəndlərdə keçirilən səyyar qəbullardan başqa Şəmkir şəhərində də keçirilən əlavə görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.
Sonda rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb edib.