İCRA BAŞÇISI CAHANGİR RÜSTƏMOV ADINA TAM ORTA MƏKTƏBDƏ AÇIQ DƏRSDƏ İŞTİRAK EDİB
Bu gün Şəmkir rayonunda daim diqqət mərkəzində saxlanılan təhsil sahəsi qazanılan uğurları, əldə olunan yüksək göstəriciləri ilə fərqlənir.
İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya öz töhfəsini verir.
Təhsilə hər zaman qayğı ilə yanaşan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbdə iki açıq dərsdə iştirak edib.
Məktəbin biologiya müəllimi Əhmədova Gülbənizin 10 T sinifində və İngilis Dili müəllimi Cəfərova Aytənin 7 T sinifindəki açıq dərsi rayon rəhbərliyi tərəfindən maraqla qarşılanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov görüşdə çıxış edərək müəllimləri, məktəbliləri gözəl dərs münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb.
Alimpaşa Məmmədov bildirib ki, bu gün bu gözəl balaların açıq dərslərində iştirak etməkdə əsas məqsəd onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə fərqlənən uşaqları daha da ruhlandırmaqdır: "Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hiss etdirmək bizim borcumuzdur"
Görüşdə məktəblilər də öz ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar. Göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra da dərslərini daha yaxşı oxuyacaqlarını və məktəblərinin adını daim uca tutacaqlarını söyləyiblər.
Rayon rəhbəri bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib, müəllim və məktəblilərə dərslərində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb. İstər tariximizin, təbiətimizin, istərsə də xarici dilin öyrənilməsi və inkişaf etdirilməsi üçün açıq dərslərin davamlı olmasını bildirib və bunun üçün hər cür dəstək olmağa hazır olduğunu qeyd edib.