Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR MƏKTƏBLİLƏRİ LƏNKƏRANDA

17 noyabr 2018 | 16:00

Noyabrın 15-də “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı Şəmkir və Samux rayonunun şagirdləri Lənkərana səyahət ediblər.

Məktəblilər Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra məktəblilər Lənkərandakı Hirkan Milli Parkına və “Xanbulan” istirahət mərkəzinə səyahət ediblər.

Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.

Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişafı tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.

Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, “Dairəvi qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.

Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın igid oğlunun ev-muzeyi 1969-cu il mayın 9-da yaradılıb. Muzeydə 5 ekspozisiya otağı fəaliyyət göstərir.

Keçidlər