“Ölkəmizi tanıyaq” şagirdlərin mənəvi zənginliyini artırır" - Alimpaşa Məmmədov
Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanımızın dilbər güşələrindən olan Lənkəran, Masallı və Astara rayonlarına səfər edəcək şagirdlər arasında rayonun 19 ümumtəhsil orta məktəbindən 40 nəfər Şəmkir məktəbliləri də var.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihə çərçivəsində şəfərə çıxacaq rayonun təhsildə fərqlənən 9-10-11-ci sinif şagirdləri ilə görüş keçirib.
Tur-aksiya iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin ölkəmizdə gedən inkişaf, regionlarda aparılan quruculuq işləri və ən əsası Azərbaycanın rayonlarını tanıması, olduqları rayonların məktəbliləri ilə əlaqə qurması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” başlığı altında keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir: “Bu tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır”.
Görüş zamanı Şəmkir məktəbliləri də bu şəraiti onlara yaratdıqları üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirdilər.
Sonda məktəblilərlə xatirə fotosu çəkilib.