SƏYYAR "ASAN QATAR" ŞƏMKİRDƏ
Səyyar “ASAN qatar” Şəmkirdə vətəndaşlara xidmət göstərəcək. Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev rayonun Dəllər qəsəbə dəmiryol stansiyasında sakinlərə xidmət edəcək “ASAN Qatar”da sakinlərə xidmət edəcək nümayəndələrlə görüşüb.
Qüdrət Əliyev bildirib ki, «ASAN qatar” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarımıza olan yüksək diqqət və qayğısının bariz nümunələrindən biridir. “Asan xidmət” layihəsini tək ölkəmiz yox, bütün dünya rəğbətlə qarşıladı. Ən inkişaf etmiş ölkələr belə bu təcrübədən istifadə etməyə başlamışlar.
Öz növbəsində sakinlər də onlara göstərilən yüksək xidmətdən böyük məmnunluqlarını və bu cür şəraitin yaradılması üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Xatırladaq ki, “ASAN qatar” noyabrın 23-nədək Şəmkir və ətraf rayonların sakinlərinə xidmət göstərəcək.
Qeyd edək ki, səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar “ASAN qatar” da göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi də göstərilən xidmətlər arasındadır.