Şriftin ölçüsü :

Saytın rəngi :

"XARİCDƏ YAŞASAQ DA, ŞƏMKİRƏ BAĞLIYIQ" - AZƏRBAYCAN DİASPOR TƏŞKİLATININ SƏDRİ

13 noyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Rusiya Federasiyasının Tümen şəhərində Azərbaycan diaspor təşkilatının sədri, əslən rayonun Zəyəm Cırdaxan kəndindən olan iş adamı Füzuli Burcuyevlə görüş keçirib.

Görüş zamanı icra başçısı qonağı salamlayıb və səmimi münasibətlərə görə bütün xaricdəki şəmkirlilərə salamlarını çatdırıb.

Daha sonra Alimpaşa Məmmədov prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin Şəmkir üçün də bəhrələrindən danışıb.

İcra başçısı bildirib ki, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edib, nəticədə Şəmkirdə ümumi məhsul buraxılışında özəl bölmənin payı son illərdə dəfələrlə artıb.

Şəmkirli iş adamı Füzulu Burcuyev isə öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib: “Şəmkir haqqında məlumatları tez-tez oxuyur və rayonumuzun uğurlarına çox sevinirik. Buna görə sizə ayrıca təşəkkürümüzü bildiririk. Eyni zamanda Şəmkirin Rusiya Federasiyasının böyük şəhərləri ilə iqtisadi və ticarət əlaqələrinin qurulduğunu da bilirik. Bu da rayonumuzun simasını dünyaya tanıdır. Bu işdə biz iş adamları da sizə dəstək olmalıyıq. Çünki burada görülən bütün işlər rayonumuz adınadır. Xaricdə yaşasaq da, Şəmkirə bağlıyıq. Biz də məmuniyyətlə bu inkişafın bir parçası olmaq istəyirik. İnanıram ki, gələcəkdə Şəmkirimiz və şəmkirlilər üçün birlikdə daha böyük işlər görəcəyik”.

Füzuli Burcuyev xaricdə yaşayan şəmkirlilərlə sıx əlaqələrin qurulmasına görə Alimpaşa Məmmədova təşəkkürünü bildirib: “İnanırıq ki, belə səmimi görüşlər davamlı olacaq. Sizin Şəmkir üçün etdikləriniz danılmazdır. Ən vacibi odur ki, sakinlər sizə minnətdardır. Biz bilirik ki, şəmkirlilər sizi çox sevir. Bu xaricdə yaşayan yerli iş adamlarını da sevindirir. Çünki gözümüz arxada qalmır. Nə yaxşı ki, varsınız. Göstərdiyiniz qayğı üçün sizə dərin təşəkkürümüzü bildiririk”.

Daha sonra tərəflər arasında gələcəkdə görüləcək işlər, həyata keçirilməsi planlaşdırılan layihələr haqqında müzakirələr aparılıb.

Keçidlər