Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkirmizi zibilləməyin, axı, bu, şəhər bizim sifətimizdir...”

08 noyabr 2018 | 16:00

Əziz izləyicilərimiz, bu gün sizə Şəmkirin ən zəhmətkeş təbəqəsindən söhbət açacağıq.

Bu gün Şəmkirdə tarixə həssas münasibət, maddi-mənəvi irsin qorunması və bərpası, həyata keçirilən önəmli sosial layihələr, genişmiqyaslı quruculuq işləri dövlət müstəqilliyinin yaratdığı imkanlardan qaynaqlanır.

Təsadüfi deyil ki, zəngin tarixi keçmişi olan Şəmkir şəhərinə istər ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, istərsə də Prezident İlham Əliyev tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilib.

Dövlətimizin başçısı Şəmkirin bu gününü belə xarakterizə edib: “Şəmkir gözəlləşir, abadlaşır və artıq ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Rayonda quruculuq işləri ilə yanaşı infrastruktur məsələləri də həll olunur".
Bu gözəlliklərin qorunmasında isə haqqında danışacağımız zəhmətkeşləri payı da danılmazdır.

Siz hər gün Şəmkir şəhərində olan zaman bu insanlarla qarşılaşırsınız. Sübh tezdən işə gedəndə, işdən dönəndə, parklarda, küçələrdə, bir sözlə şəhərin hər yerində...

Bəlkə də çoxlarının diqqətini çəkməyiblər belə..

Hətta onlara biganə yanaşanlar da olub..

Amma onlar biz şəmkirlilər üçün həm qayğıkeş ana, həm qayğıkeş ata, həm həkim, həm bağban, həm də memardırlar.

Bilirsiniz niyə?

Çünki onlar bizə canımız qədər əziz olan ana vətənimizin bir parçası Şəmkirimizin doğma küçələrini hər gün göz bəbəyi kimi qoruyan, bağlarındakı ağacları qabar əlləri ilə bəsləyən, təbiətin şıltaqlıqlarına hamıdan çox sinə gərən və ən əsası isə gözəlliyi ilə göz oxşayan, təmiz Şəmkirimizi bizə bəxş etməklə sağlamlığımızın keşiyində həkim qədər dayananlardır.

Bəli, bilirik ki, sizin də ağlınıza gələn ilk onlar oldu-Şəmkir Kommunal Müəssisələr Kombinatının zəhmətkeşləri olan ana, bacı və qardaşlarımız.

Şəmkirimizin bu zəhmətkeşləri haqqında çox danışmaq olar. Amma onların zəhmətini işıqlandırmağa nə bizim qələmimizin, nə də hərflərin gücü çatar.

Sadəcə doğma şəhərimizin təmizliyini qoruyan bu dəyərli insanları sizlərə təqdim etməkdən qürur duyuruq və onlarla qısa söhbət aparırıq.

Şəmkir Kommunal Müəssisələr Kombinatının əməkdaşı Aslanova Sevinc Balakişi qızı işini sevərək gördüyünü bildirir: “Mən Şəmkir şəhərində anadan olmuşam. Bu şəhər mənə canım qədər əzizdir. Ona görə də işimi sevərək görürəm, çünki həm ailəmi dolandırıram, həm də əziz şəhərimə xidmət edirəm”.

Məmmədov İsmayıl Firuddin oğlu da rayonumuza gələn qonaqları belə təmiz şəhərlə qarşılamağın qürurundan danışdı: “Şəmkir gözəl şəhərdir. Maraqlı küçələri, tarixlə müasirliyin qovuşduğu evləri var. Mənim üçün qürurlandırıcıdır ki, belə bir şəhərin sakiniyəm və şəhərə xidmət göstərirəm. Şəmkirin hər bir küçəsində bizim zəhmətimiz var. Bu zəhmətin bəhrəsini isə qonaqlarımızın Şəmkir haqqında xoş sözlərini eşidəndə görürük”.

Bu dəyərli insanlarla söhbətimiz başa çatır. Onların yanından uzaqlaşmaq istəyəndə Sevinc xanım arxadan səslənir.

Gözləyin, bir kəlmə də sözüm var: “Bu şəhəri zibilləyən də, təmiz saxlayan da biz insanlarıq. Mən heç vaxt özümə rəva bilmərəm ki, parkda oturub tum çırtlayıb, eyvandan küçəyə nə isə atıb ətrafı zibilləyim. Əgər şəhərimizin hər bir sakini bunu düşünsə, şəhərini abadlaşdırmaq istəsə, özünü bu şəhərin yiyəsi hesab etsə, inanın mənə, bu şəhərin problemləri olmaz. Şəhəri şəhər edən insanlardır, memarlar yox. Bütün insanlara səslənirəm. Şəmkirmizi zibilləməyin, axı, bu, şəhər sizin sifətinizdir...”

Bəli, Sevinc xanımın dediyi kimi, bu şəhər bizim sifətimizdir...

Bu şəhər tarixin, mədəniyyətin beşiyidir… Bura dağla çayın, dünənlə sabahın kəsişdiyi məkandır…

ŞƏMKİRMİZİ QORUYAQ VƏ TƏMİZ SAXLAYAQ!

Keçidlər