"GÖRDÜYÜNÜZ BU ÜLVİ İŞLƏRİN ƏVƏZİ YOXDUR" - ALİMPAŞA MƏMMƏDOV
Xəbər verdiyimiz kimi bir qrup şəmkirli gənc sahibkar öz nəcib əməlləri, xeyriyyəçilik tədbirləri ilə rayon ictimaiyyətinin diqqətini çəkib, rəğbətini qazanıb.
Xeyriyyəçilik kimi xoş niyyəti Şəmkirdə ənənəyə çevirən bu sahibkarlar rayon ərazisində yaşayan aztəminatlı ailələrə yardım edir, onların ərzaq və geyimlə təmin olunmasında dəstək göstərirlər.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xeyriyyəçi gənc sahibkarlarla görüşüb.
Xeyriyyəçi sahibkarları salamlayan icra başçısı bildirib ki, bu gün biz elə bir dünyada yaşayırıq ki, ətrafda diqqət yetirilməsi və düzgün dərk olunması tələb edilən problem və məsələlər lap çoxdur: “Artıq zəmanəmizdə həqiqi insanpərvərlik, mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlara az-az rast gəlirik. Amma dövlətimizin gördüyü işlər, apardığı məqsədyönlü siyasət nəticəsində artıq bu ənənə dirçəlib. Xeyriyyəçilik missiyası bu gün həmişəkindən daha vacibdir. Sizin gördüyünüz bu ülvi işləri də heç kim görməməzlikdən gələ bilməz”.
Sahibkarlarla səmimi söhbət edən Alimpaşa Məmmədov qeyd edib ki, vaxt vardı, Azərbaycanda xeyriyyəçilik ümummilli ideya, ümummilli miqyaslı iş idi: “Siz bu gün o ideyanı davam etdirirsiniz. Bu işlərin əvəzi yoxdur. Sizlər artıq əqidənin ən yüksək zirvəsindəsiniz. Düşünürəm ki, sizin kimi gənclər insanlıq adına yeni çalar gətirirsiniz. Hər birinizi bağrıma basır, bu nəcib və xoş əməllərinizdə sizlərə uğurlar arzulayıram”.
Görüşdə iştirak edən gənc sahibkarlar da onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər: “Sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şərait həqiqətən də tədqirəlayiqdir. Bunun üçün ölkə başçımıza və onun tapşırıqlarını layiqli yerinə yetirən sizlərə bir şəmkirli olaraq dərin təşəkkürümüzü bildiririk. Biz də çalışırıq ki, dövlətimizin vətəndaşlara göstərdiyi qayğıda payımız olsun”.