"YARAT" ŞƏMKİRDƏ MÖHTƏŞƏM LAYİHƏ HƏYATA KEÇİRMƏYİ PLANLAŞDIRIR
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov “YARAT” təşkilatının nümayəndələri ilə görüş keçirib.
Görüşün məqsədi yaxın gələcəkdə təşkilatın Şəmkir rayonunda həyata keçirmək istədiyi layihələrlə bağlı müzakirələr olub.
İlk öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb və onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Gözəl təşəbbüsə görə əvvəlcə “YARAT” təşkilatının rəhbər heyətinə dərin təşəkkürünü bildirən və salamlarını çatdıran icra başçısı ölkəmizin ən böyük müasir incəsənət məkanı olan “YARAT"ın Şəmkirdə həyata keçirmək istədiyi layihələri gənclər, xüsusilə də incəsənət adamları üçün xoş təşəbbüs adlandırıb.
Şəmkir haqqında qonaqlara qısa məlumat verən icra başçısı rayonun iqtisadiyyatı, tolerantlığı ilə yanaşı mədəni həyatının da özünün inkişaf dövrünü yaşadığını bildirib: “Rayonumuz Azərbaycandakı ən qədim alman məskənlərindən biridir. Şəmkirin 5 əsas küçəsi almanlar tərəfindən salınıb. Bu gün biz alman mədəniyyətini yüksək səviyyədə qoruyur, onların rayonumuzdakı kültürünə hörmətlə yanaşırıq. Şəmkir bu gün tarixini qorumaqla yanaşı müasirliyi ilə də qonaqların diqqətini çəkməkdədir. Bu gün rayonda fəaliyyət göstərən gənclər təşkilatları da müxtəlif istiqamətlərdə rayonumuzun həyatında önəmli rol oynayırlar. Artıq Şəmkir gəncliyinin gələcəyə baxış istiqamətləri dəyişib. Bu baxımdan düşünürəm ki, "YARAT" təşkilatı ilə çox gözəl əməkdaşlığımız alınacaq”.
"YARAT" təşkilatının layihələr üzrə meneceri Rövşən Əhmədov və kurator assisenti Fərəh Ələkbərova səmimi qəbula və göstərilən diqqətə görə Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildiriblər.
Şəmkir haqqında da danışan qonaqlar rayonun təmizliyinə, səliqə səhmanına, yaşıllığına heyran olduqlarını bildiriblər.
"YARAT" təşkilatının layihələr üzrə meneceri Rövşən Əhmədov bildirib ki, təşkilat olaraq əsas məqsəd belə gözəl rayonla qarşılıqlı sıx əlaqələrin qurulmasıdır: “Şəmkirə ilk daxil olanda çox sevindim. Buradakı ab-hava, gözəllik sözün həqiqi mənasında möhtəşəmdir. Sizin və timsalınızda qarşılaşdığımız insanların mədəniyyət sevgisi isə bizi həqiqətən qürurlandırdı. Bütün bu gözəlliklərin qarşısında biz istəyirik ki, Şəmkir müasir incəsənət sərgisi ilə Azərbaycana səs salsın. Çünki burada gördüklərimizdən sonra qənaətə gəldik ki, regionlarda da mədəniyyətimizin gələcəyi parlaqdır. Bir vətəndaş kimi sizə öz dərin təşəkkürümü bildirirəm”.
Daha sonra tərəflər arasında gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında müzakirələr aparılıb.