Şriftin ölçüsü :

Saytın rəngi :

NİKAHA DAXİL OLMAQ ÜÇÜN TİBBİ ARAYIŞLAR PULSUZ, QEYDİYYAT RÜSUMU İSƏ 5 MANAT

23 oktyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yeni ailələrin nikaha daxil olması ilə bağlı iclas keçirilib.

İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon İcra Hakimiyyətinin əməkdaşları, Şəmkir Rayon Vətəndaş Aktlarının Qeydiyyat İdarəsinin (VAQİ) müdiri Ruziyyə Allahverdiyeva, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov, Şəmkir Rayon Statistika İdarəsinin sədri Pərvin Gözəlov, Şəmkir Rayon Konsultativ Poliklinikasının baş həkimi Arif Sadıqov, Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fuad Bədəlov, Şəmkir rayon Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.

İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vətəndaşların nikaha daxil olmasının gələcəkdə hüquqi, sağlam ailənin formalaşması baxımından əhəmiyyətindən danışıb.

İcra başçısı bildirib ki, gənc ailələrin nikaha daxil olması milli mənəvi dəyərlərin qorunub saxlanması, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətin müəyyən edilməsi, ailə həyatı qurarkən düzgün seçimin edilməsi və ən əası isə onlar arasında sağlam həyat tərzinin qurulması baxımından çox vacibdir.
Çıxış edən Şəmkir Rayon Vətəndaş Aktlarının Qeydiyyat İdarəsinin (VAQİ) müdiri Ruziyyə Allahverdiyeva bildirib ki, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən yaranır. Bu orqan nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada məhkəməyə şikayət edə bilərlər.

R. Allahverdiyeva qeyd edib ki, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manat təşkil edir. Azərbaycanda nikah yaşı isə 18 yaşdır. Nikahın bağlanmasının vacib şərtlərindən biri də nikaha daxil olan şəxslərin yazılı razılığıdır. Tərəflərin razılığı olmadan bağlanan nikah etibarsız sayılır.

Nikaha daxil olmaz zamanı vacib amillərdən olan tərəflərin tibbi müayinəsi haqqında danışan Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov bildirib ki, qanunvericilikdə nikaha daxil olmaq istəyən gənclərin tibbi müayinəsi ilə bağlı müddəalar da öz əksini tapıb.

Rayonumuzda həmin tibbi arayışlar Şəmkir Rayon Konsultativ Poliklinkasında verilir: “Vətəndaşlar bilməlidir ki, bunun üçün heç bir dövlət rüsumu təyin edilməyib və pulsuz verilir. Nikahdan əvvəl icbari tibbi müayinənin əhali üçün, gələcək nəsil üçün, bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyət kəsb edir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir”.

Keçidlər