Şriftin ölçüsü :

Saytın rəngi :

SABİRKƏND GƏNCLƏRİNİN İCRA BAŞÇISINDAN İSTƏYİ NƏ OLDU?

17 oktyabr 2018 | 16:00

Bildiyiniz kimi Şəmkir rayonunda sakinlərlə mütamadi görüşlər keçirilir, onların problemlərinin yerindəcə həll olunması istiqamətində ciddi addımlar atılır.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun Sabirkənd kəndində keçirilən səyyar qəbul görüşündə Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, RİH başçısı Aparatının məsul işçiləri, kənd ağsaqqalları iştirak ediblər.

Görüşdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hər tərəfli inkişafdan danışdı.

Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, sosial layihələr həyata keçirilir.

İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.

Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir. Bu sahədən milyonlarla manat gəlir əldə olunur.
Sonra vətəndaşların müraciətləri dinlənilib.

Əvvəlcə kənd ağsaqqalları Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlova və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova səmimi qəbula görə dərin minnətdarlıqlarını bildiriblər.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki inkişafdan danışan Sabirkənd ağsaqqalları xalqımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan məmnun olduqlarını bildiriblər.

Səyyar Qəbul zamanı Sabirkənd gəncləri icra başçısından kənddə yeni futbol meydançasının yaradılmasını və kəndin bəzi hissələrində internetdən istifadə üçün telefon xətlərinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov öz növbəsində sakinlər tərəfindən qaldırılan digər məsələlər kimi, gənclərin də istəklərinin qısa zamanda həll olunması üçün aidiyyəti qurumlara tapşırıqlar verib.

Sonda səmimi qəbula görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirən kənd sakinləri bu gün Şəmkirin hər yerində olduğu kimi Sabirkənd kəndində də vətəndaşlara verilən qiyməti yüksək qiymətləndiriblər.

Qeyd edək ki, görüşdə vətəndaşlar tərəfindən daha çox kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi, kəndin yeni salınmış hissəsinin qazlaşdırılması, elektrik dirəklərinin yenilənməsi və digər sosial məsələlərin həlli qaldırılıb.

Keçidlər