Şəmkirdə gənclərdən ibarət daha bir birlik yaradıldı
Şəmkirdə “Böyük Yol” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Tədbirdə çıxış edən Alimpaşa Məmmədov bildirib ki, Azərbaycan musiqi tarixinin zirvəsi sayılan Üzeyir bəyin əsərləri ölkənin sərhədlərini aşır, dünyanın ən böyük konsert salonlarında səslənir: "Üzeyir Hacıbəylinin musiqisi zəngin Azərbaycan mədəniyyətini təmsil edir. Milli musiqimiz, incəsənətimiz var olduqca, böyük Üzeyir Hacıbəylinin xatirəsi də hər zaman yaşayacaq”.
Şəmkir rayon 7 saylı Uşaq Müsiqi məktəbinin tələbələrinin ifasında xalq musiqisindən nümunələrin səslənməsi tədbirə rəngarənlik qatıb.
Tədbirdə ən yadda qalan hissə isə gənc mədəniyyət işçilərindən ibarət "Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyi"nin yaradılması olub.
Yeni birliyə uğurlar arzulayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yaradılan bu birliyin nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb.
Eyni zamanda icra başçısı bundan öncə könüllülük əsasında formalaşan və Şəmkirin ictimai-siyasi həyatında yorulmaz fəaliyyətləri ilə tarix yazan “Gənc Həkimlər Birliyi”, “Gənc Müəllimlər Birliyi”, “Gənc Tərbiyəçilər Birliyi”nin fəaliyyətini yüksək qiymətləndirib. Qısa müddət ərzində bu birliklərin keçdiyi şərəfli yol insanların həyatında mühüm əhəmiyyət kəsb edib.
Qeyd edək ki, yeni yaradılan "Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyi"nin sədri Vəliyeva Ulduz Xəyyam qızı seçilib.