ŞƏMKİRDƏ SAHİBKARLAR VƏ GƏNC AİLƏLƏR ÜÇÜN MÖHTƏŞƏM SOSİAL LAYİHƏ
Şəmkirdə 100 hektar ərazidə yaradılması planlaşdırılan “Aqrar Məhəllə” layihəsinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun iş adamları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təqdim etdiyi layihənin məqsədi əhalinin həyat şəraitinin və məşğulluq səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, göyərti istehsalının yeni innovasiyalardan istifadə edilməklə genişləndirilməsi, vətəndaşlar arasında sahibkarlıq vərdişlərinin və özünüməşğulluq imkanlarının inkişaf etdirilməsidir.
Layihə əsasında həyata keçirləcək bütün proseslər Azərbaycanda kənd təsərrüfatının intensiv inkişafına, o cümlədən regional inkişafı dəstəkləmək missiyasına əsaslanır.
Şəmkir rayonunda göyərti istehsalı üzrə biznes inkubatorun yaradılması və inkişafına hədəflənən layihənin əhəmiyyəti barədə danışan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihənin həyata keçirilməsi üçün “Aqrar Məhəllə”də yaradılmış şərait və perspektiv imkanlar barədə ətraflı məlumat verib.
İcra başçısı bildirib ki, layihə əsasən gənc ailələrin sahibkarlıqla məşğul olmasına imkan yaradacaq.
Bildirilib ki, “Aqrar Məhəllə”də biri 10 sot olmaqla 1000 ədəd göyərti istilikxanası yaradılacaq.
“Aqrar Məhəllə”nin tərkibində topdan satış mərkəzi, ofis, laboratoriya, yeməkxana, xammal anbarı, çeşidləmə və qablaşdırma mərkəzi, buz istehsalı, göy qurutma və qablaşdırma sexi fəaliyyət göstərəcək.
Təqdimat mərasimində qey edilib ki, gələcəkdə yaradılması nəzərdə tutulan “Aqrar Məhəllə”də ən az min ailə üçün yeni biznes imkanları yaradılacaq və onlar növündən aslı olmayaraq quraşdırılacaq istilikxanalarda göyərti istehsalı ilə məşğul ola biləcəklər.
Tədbir iş adamları və sahibkarların iştirakı ilə müzakirələr formasında davam etdirilib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Kamil Yusibov da layihənin önəmindən danışıb.
“Aqrar Məhəllə” layihəsinə xüsusi maraq göstərən yerli sahibkarlar da ölkə Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərliyinə onlara yaratdıqları imkanlara görə təşəkkürlərini bildiriblər.
Görüşün sonunda “Aqrar Məhəllə”nin inkişaf etdirilməsi imkanları haqqında təklif və tövsiyələr verilib.