"Bütün bunlar böyük siyasi təfəkkürün nəticəsidir" - Seyfəli sakinləri
Bildiyiniz kimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun hər həftə vətəndaşlarla səyyar qəbul-görüşləri keçirilir.
Bu gün daha bir görüş rayonun Aşağı Seyfəli kəndində baş tutdu.
Qəbulda əvvəlcə Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndə Oruc Qarayev çıxış edərək kəndin sosial-iqtisadi durumu, əhalinin məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Qəbul zamanı yerli sakinlərlə səmimi söhbət edən icra başçısı əvvəlcə respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı.
Hər zaman Şəmkir sakinləri ilə yaxın ünsiyyətdə olan rayon İcra Hakimiyyəti başçısı bildirdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.
Vətəndaşların rahatlığının təmin olunmasını hər zaman vacib məsələlərdən hesab edən Alimpaşa Məmmədov Şəmkiri və şəmkirliləri çox sevdiyini, bu rayonun inkişafı üçün əlindən gələni əsirgəmədiyini bildirib: “Mən bütün görüşlərimdə qeyd edirəm ki, Şəmkir sizlərin, bu rayonu sevən hər bir şəmkirlinin zəhməti sayəsində ölkəmizin ən inkişaf etmiş regionlarından birinə çevirilib. Seyfəli sakinləri də heç vaxt bu işlərdən kənarda qalmayıb. Mən Şəmkirlə qürur duyuram. Belə gözəl insanların arasında olmaqdan çox məmnunam”.
Kənd sakini Məmmədova Qumru İsmayıl qızı çıxışında ölkəmizdəki sabitliyə və inkişafa görə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib: “Biz 90-cı illərdə çox çətinliklər görmüşük. Övladlarımızı, gəncliyimizi o günlərdən qoruduğu üçün Cənab Prezidentə təşəkkür edirik.
Azərbaycan güclü dövlətdir. Çünki ölkəmizdə xalq iqtidar birliyi var. Bu da düzgün idarəçilikdən irəli gəlir və bütün bunlar böyük siyasi təfəkkürün nəticəsidir”.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və icra başçısına öz minnətdarlıqlarını bildiriblər.