19 iyul 2014-cü il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov rayonun Atabəy, Daşbulaq və Ələsgərli kəndlərində səyyari qəbul keçirmişdir.
Keçirilən qəbulda rayonun dağ kəndləri zonasını əhatə edən Atabəy, Daşbulaq və Ələsgərli kənd sakinləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Dövlət başçısı tərəfindən ölkə əhalisinə xüsusən də qaçqın və məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən , əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən bəhs etmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək tapşırığının rayonda diqqət mərkəzində saxlanıldığını bildirən Nazim Veysov kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti pay torpaqları, kənd yollarının təmiri, içməli su problemi və digər məsələlərlə bağlı olmuşdur.
Vətəndaşlar tərəfindən qaldırılmış problemlərin əksəriyyəti rayon İcra Hakimiyyəti Başçısının göstərişi ilə yerində həll olunmuş, digər məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar vermişdir.
Səyyari qəbula gələn vətəndaşlar dövlət başçısının siyasətindən və onlar üçün yaradılan imkanlardan və göstərilən qayğıdan razı qaldıqlarını bildirmişlər.