“ŞƏMKİRİN İNKİŞAFI ÜÇÜN GECƏ-GÜNDÜZ ÇALIŞMAĞA HAZIRIQ” – ALİMPAŞA MƏMMƏDOV
Hər zaman Şəmkir sakinlərinin qayğısına qalan, onları diqqətdən kənarda saxlamayan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindən bu gün vətəndaşların növbəti şifahi qəbulu keçirilib.
Qəbulda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, aidiyyəti idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq bəndinə uyğun olaraq avqustun 17-də keçirilən qəbulda 86 nəfər vətəndaşın müraciəti dinlənilib.
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, vətəndaşların şikayətlərinə ciddi baxılmalıdır: “Onların qaldırdıqları bütün problemlərin həlli istiqamətində düzgün addımlar atılmalıdır. Çünki bu gün hər birimizin tək istəyi şəmkirlilərin rifahının yüksək olmasına xidmət etməkdir. Bunun üçün Şəmkir Rayon İcra Hakimiyyəti olaraq gecə-gündüz çalışmağa hazırıq. Bizim tək məqsədimiz Şəmkirin inkişafı və sakinlərimizin həyat şəraitinin yüksəldilməsidir. Cənab Prezident İlham Əliyevin də yerli icra hakimiyyətlərinin qarşısına qoyduğu siyasətin ən başlıca istiqaməti budur”.
Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.