Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı nitqi ilə əlaqədar Şəmkir rayon İcra Hakimiyyəti Başçısı N.V.Veysovun MƏRUZƏSİ

15 iyul 2014 | 15:00

Hörmətli yığıncaq iştirakçıları!


Bildiyiniz kimi 2014-cü ilin iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev ölkəmizdə 2014-cü ilin birinci  yarısında görülmüş işləri ətraflı təhlil etmiş, qarşıda duran konkret vəzifələri  müəyyənləşdirmişdir.
Respublikamızda aparılan sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurlar dövlətimizin müəyyənləşdirdiyi strategiyanın və ölkədə sabitliyin qorunub saxlanılmasının məntiqi nəticəsi kimi dəyərləndirilmişdir. Son illər Azərbaycan  iqtisadiyyatı dinamik olaraq inkişaf etmiş və 2014-cü ilin birinci yarısında müsbət nəticələr əldə olunmuşdur.
Respublikamızda ümumi daxili məhsul istehsalı 2.5 faiz, qeyri -neft sektorunda artım  7 faiz olmuşdur. Kənd təsərrüfatında 6 faizdən çox artım əldə olunmuşdur.
Respublikamızda 6 ay ərzində 65 min yeni iş yeri o cümlədən 52 min daimi iş yeri  açılmışdır.
Ölkəmizin valyuta ehtiyatları 54 milyard dollardan çox olmuşdur.
İnfilyasiya 1.6 faiz təşkil etmiş, orta aylıq əmək haqqı 440 manat olmuşdur.  
Əhalinin pul gəlirləri 4.7 faiz artmışdır.
Azərbaycan  iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuşdur. Hazırda ümumi daxili məhsulun 83 faizi özəl sektorun payına düşür.
Bu gün dünya miqyasında rəqabət qabiliyyətinə görə Azərbaycan  iqtisadiyyatı 39-cu yerdədir.
2014-cü ilin birinci yarısında Respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm naliyyətlər qazanılmışdır.
Regionların sosial-iqtisadi inkişafına dair  ( 2004-2008-ci illər ) birinci və (2009-2013-cü illər) ikinci Dövlət proqramları uğurla həyata keçirilmişdir.
Üçüncü regional inkişaf proqramı (2014-2018-ci illər) qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində 2018-ci ilə qədər ölkəmizdə bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır.
“Cənub” qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmış, TANAP layihəsinin icrasına başlanılmışdır.
2014-cü ilin birinci yarısı ordu quruculuğu prosesi uğurla davam etdirilmiş, onun döyüş qabiliyyəti daha da artmışdır.
Respublikamızda son illər infrastruktur layihələri arasında kənd yollarının tikintisinə başlıca diqqət yetirilmişdir.
Respublikamızın bir sıra şəhər  və rayonlarında içməli su və kanalizasiya şəbəkəsinin tikintisi və yenidənqurulması layihələri uğurla davam etdirilir.
Kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi ön plana çəkilmiş, Respublikamızda iri fermer təsərrüfatının və aqrotexnoparkların yaradılması istiqamətində mühüm işlər görülür.
Ölkəmizdə “Asan” xidmətin fəaliyyətinin genişlənməsi korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə müsbət nəticələr verir.
“Asan” xidmətin fəaliyyətə başladığı dövrdən indiyədək bu xidmətə  2 milyon müraciətdaxil olmuş və öz müsbət həllini tapmışdır.
Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə qazlaşdırma işinin ləng aparıldığı irad tutulmuş və qazlaşdırma işlərinin  sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Hörmətli yığıncaq  iştirakçıları!

2014-cü ilin birinci yarısında Şəmkir rayonunda ictimai sabitlik qorunub saxlanmış iqtisadiyyatda dinamik inkişaf təmin olunmuşdur.
Rayonda ümumi məhsul buraxılışının həcmi 241 milyon 365 min manat təşkil etmişdir.
Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1178  manat olmuşdur. Bu dövrdə ötən illə müqayisədə əmtəə dövriyyəsinin həcmində 7.9 faiz, pullu xidmətlərin həcmində 3.1 faiz artım əldə olunmuşdur. Rayon əhalisinin sayı 205 min 100 nəfərə çatmışdır. Cari ilin altı ayı ərzində əsas kapitala 100 milyon 732 min manatlıq investisya yönəldilmişdir.
Yarım il ərzində rayon üzrə 93 milyon  698 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür.
Rayonda 200 ədəd, ötən ildəkindən 7.9 faiz çox fərdi yaşayış evi tikilmişdir.   
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 №li sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2014-cü ilin 6 ayında 2668 iş yeri açılmışdır, bununda  467  daimi iş yeridir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3145 ailənin 14703 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının həcmi  9.6 faiz artaraq 92 milyon 103 min manat təşkil etmişdir .
Rayon üzrə 181 min 610 hektar torpaq sahəsi vardır. Bundan 59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 447 hektarı suvarma suyu ilə təmin edilmişdir.
2014-cü ilin məhsulu üçün 18 min 576 hektar sahədə taxıl, 6406 hektar sahədə kartof, 6163 hektar sahədə  tərəvəz əkilmişdir.
Rayon üzrə 18 min 576 hektar taxıl sahəsinin 13 min 392 hektarı biçilmişdir.  Biçilən sahələrdən hər hektardan 33.3 sentner olmaqla 44 min 657 ton məhsul əldə olunmuşdur. Hazırda rayonun dağlıq ərazisində taxıl biçininə hazırlıq işləri görülür.
Əkin sahələrinin suvarılması işi daim nəzarətdə saxlanılmış və bu sahədə heç bir çətinlik olmamışdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq 2014-cü ildə Şəmkir rayonunda 13 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hazırda qazılması nəzərdə tutulan 13  subartezian quyusundan beşi  qazılmış, birinin qazıntısı  aparılır, 7  subartezian quyusunun qazıntısı ilə bağlı hazırlıq işləri görülür.
İribuynuzlu mal-qaranın sayı 61 min 88 başa, qoyun və keçilərin sayı 288 min 518 başa çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 366 baş, qoyun və keçilərin sayı 4689 baş artmışdır.
Rayon üzrə 4245 ton ət, 23948 ton süd, 46 milyon 636 min ədəd yumurta istehsal edilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2.3  faiz, süd istehsalı 3.2 faiz, yumurta istehsalı 34.5 faiz artmışdır.
Əhalinin elektrik enerjisi və təbii qazla təminatı nəzarətdə saxlanılmışdır.
Rayon sakinləri 24 saat ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunmuş, əhalinin 95 faizini əhatə edən 35848 abonentin mənzilinə təbii qaz verilmişdir.
Görülmüş tədbirlər nəticəsində təbii qazın və elektrik enerjisinin dəyəri 100 faiz ödənilmişdir.
Rayonun Bayramlı, Muxtariyyat və Qaralar kəndlərinin qaz təchizatı ilə bağlı görülən işlərin surətləndirilməsi haqqında “Azəriqaz” istehsalat birliyi qarşısında məsələ qaldırılmışdır. Yaxın vaxtlarda hər üç kəndin qaz təchizatı ilə əlaqədar işlər başa çatdırılacaqdır.
Bildiyiniz kimi Azərbaycan Respublikası regionlarının sosia-iqtisadi inkişafı (2009-2013-cü illər) üzrə ikinci dövlət proqramı uğurla başa çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Regionların sosial - iqtisadi inkişafı”na dair 2014-2018-ci illər üzrə üçüncü Dövlət Proqramı”nda Şəmkir rayonu üzrə 20 (iyirmi) mühüm tədbirin icrası nəzərdə tutulmuşdur.
Fərəhli haldır ki, artıq üçüncü dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin bir neçəsinin icrasına başlanılmışdır.
Şəmkir şəhərində Respublikamızın qərb bölgəsində ən böyük müəssisələrdən biri kimi müasir çörək və nişasta istehsalı müəssisəsinin tikintisinə başlanılmışdır.
Respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri olan Şəmkirçay su anbarının   tikintisi davam etdirilir.
      Şəmkir  su  anbarının  ümumi su tutumu 175 milyon kub metrdir. Bəndin hündürlüyü 190 metr olacaq. Bu su anbarının tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda  41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq .
       Şəmkirçay su anbarından Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xətlərinin çəkilişi davam edir. Su anbarlarından 8 km uzunluğunda tunelin və 52 km uzunluğunda əsas kanalların çəkilişi başa çatdırılmışdır.
       Hazırda əsas kanallardan başqa uzunluğu 800 km olan kəndarası və təsərrüfatlararası kanlların çəkilişinə başlanmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun nitqində Şəmkirçay su anbarının  2014-cü ilin sonunda  istifadəyə veriləcəyini qeyd etmişdir.

     Hörmətli yığıncaq  iştirakçıları!

Bildiyiniz kimi son illər Şəmkir rayonunun ərazisindən keçən Bakı-Qazax avtomobil yolu ( 42 km), Şəmkir-Gədəbəy avtomobil yolu, Şəmkir-Gədəbəy dairəvi avtomobil yolu ( 10 km ), Kür qəsəbəsi (12 km-lik), Qaracəmirli-Təzəkənd  (8 km) avtomobil yolları tikilərək istifadəyə verilmişdir.
Rayonun Yeni Göyçə, Günəşli, Qaraqoyunlu, Varlı Həyat, Dağ Cəyir, Yuxarı və Aşağı Çaykənd kəndlərinin  əhalisi yolun  narahatlığından  əziyyət çəkirdilər. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev 13 iyun 2014-cü il tarixli 553 nömrəli Sərəncamı ilə 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan Şəmkir rayon İcra Hakimiyyətinə ilkin olaraq 3.0 (üç) milyon manat vəsait ayrılmışdır. Hazırda həmin yolun tikintisi ilə bağlı Şəmkir rayon 23 saylı yol İstismar idarəsi tərəfindən hazırlıq işləri aparılır.
Şəmkir rayonunun yuxarıda qeyd olunan yaşayış məntəqələrində yaşayan  əhali  adından bu yolun tikintisinə göstərdiyi qayğıya görə Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.
Əvvəlki illərdə olduğu kimi Şəmkir şəhərində geniş abadlıq-quruculuq işləri davam etdirilir.
Hazırda Şəmkir şəhərinin hərbi şəhərcik  Rövşən Rəhimov, Əzizbəyov, Rüstəm Əliyev, Şəmkir, Məmmədəmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Fizuli  küçələrində təmir işləri aparılır.
     Şəhərin hərbi şəhərcik adlanan ərazisində xeyir-şər evinin tikintisi başa çatmışdır.
Rayon ərazisində beş yeni körpələr evi- uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur. Şəmkir şəhərində 8 nömrəli körpələr evi-uşaq bağçasının və Kür qəsəbəsində uşaq bağçasının tikintisinə hazırlıq işləri görülür.
Şəmkir şəhərində su kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
May ayının 26-da Yaponiya səfirliyinin qrantı hesabına Sabirkənd kəndində 12 otaqdan ibarət  tibb məntəqəsi istifadəyə verilmişdir.
Elə həmin gün Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında rayonun Çənlibel, Qasımalılar və Göyməmmədli kəndlərinin su təchizatı sisteminin tikintisi layihəsi ilə bağlı Yaponiya səfirliyi ilə Azərbaycan Qırmızı Aypara Cəmiyyəti arasında müqavilə  imzalanmışdır.
Bütün sahələrdə olduğu kimi təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon üzrə 79 ümumtəhsil məktəbi (68 tam orta, 10 orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
Şəmkir rayonunun təhsil müəssisələrində 29 min 575 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3374 nəfər müəllim məşğul olmuşdur.
Azərbaycanın ümumtəhsil sistemində başlanılan və uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan vermişdir.
Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 64-ü yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 25 məktəb binasından 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.
       Şəmkir şəhərində Təhsil Nazirliyi tərəfindən  Nizami Gəncəvi adına tam orta məktəb üçün 640 yerlik yeni məktəb binasının tikintisinə hazırlıq işlərinə başlanılmışdır.
      Dövlət Proqramına uyğun olaraq Düyərli kənd 1 nömrəli tam orta məktəbin binasının bərpa gücləndirilməsi və əsaslı təmiri nəzərdə tutulmuşdur.
2013/2014-cü dərs ilinin yekununa görə rayonun ümumtəhsil məktəblərinin IX sinifini  bitirmiş 2670 nəfər şagird şəhadətnamə, XI sinifi bitirmiş 2145 nəfər şagird attestat almışlar.
Orta məktəb məzunlarından 1450 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişlər.
Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası, 1 stamotoloji poliklinika, Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.
Səhiyyə müəssisələrində  384 həkim, 1225 nəfər orta  tibb işçisi çalışır.
Tibb heyyətinin köməyi ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata keçirilir. Qonşu rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir rayonunun səhiyyə müəssisələrində müalicə olunur.
Rayonun səhiyyə müəssisələrində 1241 nəfər  xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmışdır.
Tibb müəssisələrində 1605 nəfər uşaq doğulmuşdur, bir yaşa qədər uşaqlar arasında 3 ölüm hadisəsi qeydə alınmışdır. Ana ölümü hadisəsi olmamışdır.
Müxtəlif ixtisaslar üzrə  53 nəfər həkim, 87 nəfər orta tibb işçisi Bakı şəhərində ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak etmişdir.
      Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2013-cü il tarixli sərəncamı ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasının tikintisi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.  Xəstəxana Kompleksinin tikintisi ilə bağlı Şəmkir şəhəri ərazisində   torpaq sahəsi ayrılmışdır. Yaxın günlərdə Xəstaxana Kompleksinin tikintisinə başlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Şəmkir rayonunda əhalinin tibbi müayinəsini mütəşəkkil qaydada keçirilməsini təmin etmək məqsədilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 10 fevral 2014-cü il tarixli 26 nömrəli sərəncamı ilə tərkibi 15 nəfərdən ibarət olmaqla komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti  Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-nə dək yaşı 18-dən yuxarı 129 min 848 nəfər rayon sakini tibbi müayinədən keçmişdir. Tibbi müayinədən keçən vətəndaşlardan 963 nəfəri stasionar müalicəyə, 10 min 135 nəfər ambulator müalicəyə cəlb olunmuş, 111 nəfər müayinə və müalicə üçün Gəncə və Bakı şəhərlərində yerləşən tibb müəsisələrinə göndərilmişdir.
Tibbi müayinəni yüksək səviyyədə təşkil etdiklərinə görə 9 nəfər Şəmkir rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişldir.
Rayonun Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır.
Şəmkir rayon Mədəniyyət və Turizim şöbəsi tərəfindən rayonda həyata keçirilən mədəni kütləvi tədbirlərin keyfiyyəti yaxşılaşmışdır.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti xeyli genişlənmişdir. Mərkəzdə Ümummilli  Liderin  irsinin öyrənilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və digər kütləvi tədbirlərin keçilməsi ənənə şəklini almışdır.
       Heydər Əliyev Mərkəzində xüsusi proqram əsasında müasir Azərbaycan tarixi  ilə bağlı qabaqcıl müəllimlərdən ibarət qrup yaradılmış və təlim prosesi uğurla həyata keçirilmişdir. Müasir Azərbaycan tarixi  dərslərinin tədrisində səmərəli fəaliyyətlərinə görə rayonun 5 nəfər qabaqcıl tarix müəllimi Şəmkir rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişldir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıya uyğun olaraq rayonda gənclərin asudə vaxtlarının təşkili, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər davam etdirilmişdir.
Şəmkir şəhərində fəaliyyət göstərən  “Zəka” Gənclərin İntellektual İnkişaf  və Yaradıcılıq Mərkəzi rayon gənclərinin asudə vaxtlarının səmərəli keçməsində və onların yaradıcılıq imkanlarının genişlənməsində mühüm rol oynayır.
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində rayon məktəbləri arasında rəsm, əl işləri və heykəltaraşlıq ekspanatlarından ibarət sərgilər, məşhur yazıçı və şairlərin kitablarının təqdimatları, intellektual oyunlar və digər tədbirlər keçirilmişdir. Mərkəzdə kompyuter, şahmat, rəsm və təsviri incəsənət, dekorativ tətbiqi sənət,  ingilis, alman, rus dilləri üzrə kurslar faliyət göstərir.
Hər həftənin bazar günləri  “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində respublikanın ali məktəblərinin tələbələrinin iştirakı ilə “parlaq zəka” intellektual oyunları keçirilir.
        Həmin    oyunlar “AZ TV 1” televiziya kanalında nümayiş etdirilir.
Rayon gəncləri boş vaxtlarının əksər hissəsini Şəmkir Olimpiya idman kompleksində keçirməklə idmanın  sərbəst güləş, karate, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olurlar.
Qeyd etməliyəm ki, son vaxtlar rayonda gənclərin idmanın sərbəst güləş növünə olan marağı xeyli artmışdır.Şəmkir şəhərində yerləşən güləş məktəbində gündəlik  270 nəfərədək yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.
Şəmkir şəhərində aprel ayının 19-dan 30-dək olan müddətdə məşhur Azərbaycan şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq  şahmat turniri yüksək səviyyədə təşkil olunmuşdur. Həmin turnirin keçirildiyi dövrdə Şəmkir rayonunun son illər qazandığı naliyyətlər beynəlxalq və respublika səviyyəsində geniş təbliğ edilmişdir.
Rayonda gənclərin ordu sıralarına hazırlığına diqqət artırılmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi  tərəfindən gənclərin  həqiqi hərbi xidmətə göndərilməsi tapşırığı vaxtında yerinə yetirilmişdir. Çağırış  yaşlı gənclər arasında çağırışdan yayınma halları qeydə alınmamışdır. 
Rayonda dini durum sabit olaraq  qalmış,  dini qurumların fəaliyyətində qanuna zidd heç bir hadisə qeydə alınmamışdır.
Rayonda rəsmi mətbuat orqanlarına, eləcədə  digər  qəzet və jurnallara abunə yazılışı  diqqət mərkəzində  saxlanılmışdır.
“Şəmkir” qəzetinin  ayda bir dəfə  çıxması  təmin edilmişdir.
Rayonun ictimai-siyasi həyatında qazanılmış uğurlarda hüquq-mühafizə orqanlarının əməyi az olmamışdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatı ilə rayonun Hüquq mühafizə orqanlarının birgə və qarşılıqlı fəaliyyəti rayon daxilində olan bir çox problemlərin həllinə öz müsbət təsirini göstərmişdir.
Rayonda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində müəyyən işlər görülmüşdür.
Rayon icra hakimiyyəti başçısı tərəfindən ayrı-ayrı kəndlərdə 26 səyyari qəbul keçirilmiş, qəbul zamanı 3193 nəfər iştirak etmişdir. Vətəndaşların qəbulu zamanı 182 təklif irəli sürülmüşdür. Təkliflərin 24-ü kəndarası yolların təmirinə, 44-ü suvarma məsələlərinə, su kanallarının və subartezian quyularının təmirinə, 28-i torpaq məsələlərinə, 16-cı məktəb tikintisi məsələlərinə, 30-u transformatorların və elektrik xətlərinin təmirinə, 1-i smart kart tipli sayğacların quraşdırılmasına, 13-ü qaz xətinin çəkilişinə 11-i ünvanlı sosial yardım verilməsinə, 5-i  telefon xətlərinin çəkilişinə və təmirinə, 2-si iş tələbinə, 3-ü parkın abadlaşdırılmasına,  2-si mənzil tələbinə, 1-i xəstəxananın təmirinə, 1-i kredit verilməsinə, 1-i isə ağacların kəsilməsinə dair olmuşdur.
      Həmin təkliflərin 158-i həll edilmiş, 21-i icra olunur, 3-ü tövsiyyə xarakterli olmuşdur.

Hörmətli yığıncaq  iştirakçıları!


Şəmkir rayonu Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində  gündən-günə inkişaf edir, daha da abadlaşır və gözəlləşir. Şəmkirin gələcəyi daha gözəl olacaqdır.
Bu inamı bizə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin   respublikamızda həyata keçirdiyi uğurlu sosial-iqtisadi kursu verir.
Şəmkir rayon İcra Hakimiyyəti  Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edir ki, şəmkirlilər Prezidentimizin siyasi kursuna uyğun olaraq rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daim məqsədyönlü işlər görəcəkdir.

Yaşasın müstəqil Azərbaycan Respublikası!
Azərbaycan Respublikasının möhtərəm Prezidenti  cənab İlham Əliyevə eşq olsun!


Diqqətinizə görə sağ olun !

Keçidlər