Gənclər və İdman Nazirliyinin yaranmasının ildönümü qeyd edildi
Şəmkirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 24-cü ildönümü münasibətilə rayon gənclərinin iştirakı ilə möhtəşəm tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir rayon Gənclər və İdman İdarəsində yarandığı gündən bu günə kimi rəis kimi fəaliyyət göstərən şəxslər, idarə müssisə və təşkilat rəhbərləri, eyni zamanda Şəmkir gəncliyini bir çətir altında birləşdirən “Böyük Yol” Gənclərin İctimai Birliyinin idarə heyyəti və üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov açaraq 1994-cü il iyul ayının 26-da Ulu Öndər Heydər Əliyevin ölkə gənclərinin vahid təşkilat altında birləşdirmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzaladığını, ölkə gənclərinin I və II Forumlarında iştirak edərək proqram xarakterli çıxışlar etdiyini və daha sonra Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi məqsədilə fərman imzaladığını iştirakçıların nəzərinə çatdırdı.
Çıxış edən natiqlər bildirdilər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” haqqında sərəncamları gəncliyin rifahına hesablanan dövlət qayğısının təzahürü kimi qiymətləndirdilər.
Sonda ətraflı və genişməzmunlu nitqilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Ulu öndərin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılmasının bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdiyini bildirdi: “Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramların təsdiq edilməsi Ulu Öndərin gənclərə olan böyük qayğısının bir hissəsi idi.
Prezident İlham Əliyevin qayğısı ilə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 2006-cı ildə Prezidentin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu və onun qarşısında yeni vəzifələr qoyuldu. Əsas vəzifəsi ölkənin gələcəyini etibar edəcəyi sağlam və vətənpərvər gəncliyin yetişməsi oldu. Bütün bu diqqət və qayğının, fəaliyyətlərin nəticəsidir ki, Azərbaycan gəncliyi artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti dünyaya örnəkdir. Dünyanın heç bir ölkəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi kimi Gənclər Təşkilatları və hətta fərd olaraq gənclərlə bu qədər sıx və səmərəli əməkdaşlıq edən dövlət qurumları yoxdur. Bu da Azərbaycanda gəncliyə dövlət qayğısının uğurlu sabahlara hesablanan bir siyasət olduğunun, bu siyasətin sağlam, intellektual və vətənpərvər nəslin formalaşmasına xidmət etdiyinin bariz numunəsidir. Bu isə gənclərə sabaha daha inamla baxmağa əsas verir”.