Şriftin ölçüsü :

Saytın rəngi :

SON 6 AYDA ŞƏMKİRDƏ HANSI NƏTİCƏLƏR ƏLDƏ OLUNUB?

12 iyul 2018 | 16:00

Şəmkir rayonunda 2018-ci ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə Prezident Cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi ölkəmizin son illərdə inkişafından danışmışdır.

Alimpaşa Məmmədov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Şəmkir rayonunun sosial-iqtisadi həyatında da 2017-cı ildə olduğu kimi cari ilin üç ayı ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirmişdir.

Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından "Tədbirlər Planı" təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulanmışdır.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olduğu məruzədə qeyd edilmişdir.

Hesabat yığıncağında bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq Şəmkir Rayonu İcra Hakimiyyətində rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülmüşdür. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2018-ci ilin 6 ayı ərzində rayon üzrə 35 milyon 405 min 300 manat investisiya qoyuluşu həyata keçirilmişdir.

Qeyd olunan layihələrin reallaşması nəticəsində 2460 yeni iş yerinin yaradılması planlaşdırılmışdır.

Şəmkir şəhərinin Həzi Aslanov, 28 May və Bülbül küçələrində ümumilikdə 15 min 900 kvadrat metr asfalt-beton örtüyü salınmış, 4510 kvadrat metr sahəyə üzlük tamet daşları qoyulmuşdur.

Şəmkir-Çinarlı-Abbaslı avtomobil yolunun 15 km hissəsinin yenidən qurulması işlərinə başlanmışdır.

Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.

2018-ci ildə 43 min 10 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 16 min 824 hektar sahədə taxıl əkilmişdir ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Cari ildə taxıl biçini mövsümündə bugünədək 40-a yaxın kombaynlar vasitəsilə 1968 hektar buğda sahəsi biçilərək hər hektardan orta məhsuldarlıq 32,3 sentner olmaqla 6357 ton, arpa isə 2038 hektar biçilərək hər hektardan orta məhsuldarlıq 28,9 sentner olmaqla 5889 ton məhsul əldə edilmişdir. Hazırda biçin işləri davam etdirilir.

Hazırda ümumi sahəsi 958 hektar olan istixanalarda 6039 nəfər məhsul yetişdirməklə məşğuldur. Cari ildə rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi gözlənilir ki, artıq 52,1 hektarı tikilmişdir.

İstixanalarda yetişdirilmiş 100 min tondan artıq pomidor məhsulunun 61 min tonu gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilmiş, 40 min tona yaxın isə Respublikamızın ərazisində satılmışdır.
Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq 2016-cı ildən rayonda kiçik sahibkarlığın inkişafında mühüm yer tutan barama istehsalına başlanılmışdır.

2018-ci ildə barama planına 101,7 % əməl olunmaqla 12690,6 kiloqram barama istehsal edilərək “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir.

Yığıncaqda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi də diqqətə çatdırılıb.

 

Keçidlər