ALİMPAŞA MƏMMƏDOV SƏFİRLƏ GÖRÜŞÜB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.
Görüşdə icra başçısı İsrail-Azərbaycan münasibətlərinin vacibliyindən danışaraq, Şəmkirin iqtisadi və sosial-siyasi həyatı barədə səfiri məlumatlandırıb.
Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səfir Dan Stava rayon haqqında məlumat verib: “Şəmkir Azərbaycanın inkişaf etmiş rayonlarından biridir. Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycanda olan istixanaların böyük əksəriyyəti Şəmkirdə yerləşir. Biz ildə 100 min tona yaxın pomidor və xiyar istehsal edib xarici bazarlara ixrac edirik. Rayonumuzda olan istixanalarda 15 mindən çox işçi çalışır ki, bunların da 10 minə yaxını şəmkirli qalanı isə ətraf rayonlardan gələnlərdir”.
Şəmkir Aqroparkı haqqında da danışan icra başçısı bildirib ki, Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika - məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradır: “"Şəmkir Aqroparkı" bu baxımdan Azərbaycanın qərb regionunun ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların "Made in Azerbaijan" brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırımasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək”.
Daha sonra Alimpaşa Məmmədov Şəmkirdə son zamanlarda görülən işlər sırasında “AzForel” balıqçılıq təsərrüfatının da önəmindən danışıb.
İcra başçısı Azərbaycanın hər yerində olduğu kimi Şəmkirin də tolerant bir rayon olduğunu bildirib: “Şəmkirdə 18 müxtəlif xalqın nümayəndəsi yaşayır. Onlar rayonumuzda xoşbəxt və firavan həyat sürürlər. Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də bu məsələyə xüsusi diqqət ayrılır”.
İsrailin ölkəmizdəki səlahiyyətli səfiri Dan Stav da öz növbəsində Şəmkirdə olmaqdan məmun olduğunu bildirib: “Bu artıq mənim Şəmkirə ikinci səfərimdir. Rayonunuz çox gözəl və səliqəlidir. Buranın füsünkar təbiəti var”.
Daha sonra Dan Stav səfirliyin bu ərazidə fəaliyyətini intensivləşdirməyə maraq və niyyətinin olduğunu əlavə edib. Onun sözlərinə görə, Şəmkirə səfərinin məqsədi iki ölkə arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirməkdir.
Həmsöhbətlər xüsusilə kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlığı genişləndirmək barədə müzakirə aparıblar.
Səmimi söhbət şəraitində keçən görüşdə səfir Dan Stav Şəmkirə olan sevgisini də gizlətməyib: “Mən Şəmkiri çox sevirəm. Regiona bütün səfərlərimdə Şəmkirdə qalmağa üstünlük vermişəm. Əvvəlcə də bildirdiyim kimi sakit, gözəl və tarixini qoruyan bir şəhəriniz var. Hətta ailəmlə də bura gəlib-gedirəm. Tam səmimi qəbul edə bilərsiniz ki, mən və ailəm Şəmkirin vurğunuyuq”.
Görüşün sonunda səfir Dan Stav Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova xatirə hədiyyələri təqdim edib.