Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİRİMİZ NURA BOYANMALIDIR" - ALİMPAŞA MƏMMƏDOV

03 iyul 2018 | 16:00

Şəmkir şəhərində yaşıllıqların mühafizəsi və şəhərdə abadlıq, təmizlik işlərinin aparılmasına nəzarətin gücləndirilməsi barədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sədirliyi, idarə rəhbərləri və RİH başçısının aparatı işçilərinin iştirakı ilə iclası keçirib.

Alimpaşa Məmmədov bildirib ki, bu gün Şəmkir rayonunun bütün sahələrdə inkişafının əsasını ölkə başçısının irəli sürdüyü proqramların və qarşıya qoyduğu vəzifələrin icrası təşkil edir: “Məhz bu strateji vəzifələrin yerinə yetirilməsinin nəticəsidir ki, Şəmkirdə istər turizm, istərsə də şəhərin infrastrukturunda irimiqyaslı layihələr həyata keçirilmiş, böyük quruculuq işləri aparılmış və davam etdirilir”.

Alimpaşa Məmmədov bildirib ki, bu gün də Şəmkir şəhərində təmizlik-abadlıq işlərinə diqqət artırılmalı, sanitar vəziyyət daha da yaxşılaşdırılmalı, şəhər ərazisində səliqə-sahman yaradılmalı və ən əsası məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına xüsusi diqqət yetirilməlidir.

İcra başçısı qeyd edib ki, yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar şəhərin park və xiyabanlarında, şəhərdaxili avtomobil yollarının kənarlarında salınmış yaşıllıqların qorunmasına və suvarılmasına diqqət artırılmalıdır: “Hər bir idarə və təşkilat xidmət göstərdiyi yaşıllıq ərazisində səliqə-səhman yaratmalı, sulanması və qorunmasını təmin etməlidir. Boş qalan, yararsız hala düşən reklam şiltləri götürülməli, şəhər ərazisindəki çəmənlik və yaşıllıqlara qulluq, təmizlik işlərinin aparılması KMK-nın, şəhər İƏD üzrə nümayəndəliyin və Şəmkir bələdiyyəsinin gündəlik diqqətində olmalıdır”.

Bütün Şəmkir sakinlərinin sevimli məkanı olan parklarda əhalinin hər yaş qrupunun gözəl istirahəti üçün yüksək səviyyədə şərait yaradıldığını vurğulayan Alimpaşa Məmmədov bu gözəllikləri qorumağın hər birimizin borcumuz olduğunu bildirib: “Şəmkirlilərin ənənəvi görüş yerinə çevrilən parklarda yaşıllıqlar qorunmalı, şəhərin küçələrindəki işıq dirəkləri daim nəzarətdə saxlanılmalı, sıradan çıxmış lampalar dəyişdirilməli və Şəmkrimiz nura boyanmalıdır. Biz sərvətlərimizi qorumalı və dövlətimizin bizə bəxş etdiyi bu əmanətləri gələcək nəsillərə çatdırmalıyıq”.

Sonda RİH-nin başçısı Alimpaşa Məmmədov məsələlərlə əlaqədar aidiyyətli idarə, müəssisə və təşkilat rəhbərinə konkret tapşırıqlar verib.

Keçidlər