𝐏𝐚𝐲ı𝐳𝐥ı𝐪 ə𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐧 𝐬ı𝐠̆𝐨𝐫𝐭𝐚𝐥𝐚𝐧𝐦𝐚𝐬ı𝐧𝐚 𝐛𝐚𝐬̧𝐥𝐚𝐧ı𝐥ı𝐛
Aqrar Sığorta Fondundan verilən məlumata görə respublikamızda payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar olaraq həmin sahələrin sığortalanmasına start verilib. Fermerlər sığorta müqaviləsini əldə etmək üçün 1 sentyabr tarixindən etibarən payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməlidirlər. Proses 30 dekabr tarixinədək davam edəcəkdir.
Şəmkir Rayon İcra Hakimiyyəti olaraq fermerləri baş verə biləcək təbii fəlakət, sel-subasma, güclü külək zamanı zərərlərini minimallaşdırmaq üçün əkin sahələrini vaxtında bəyan etməyə və sığorta müqaviləsi bağlamağa çağırırıq.
Fermerlər öz əkin sahələri üzrə sığorta tariflərini və sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» ( https://asf.gov.az/bitkicilik-sigortasi-kalkulyatoru/) vasitəsilə hesablaya və 1651 qısa nömrəsinə zəng vuraraq elektron müqavilə bağlaya bilərlər.
Məlumat üçün onu da qeyd edirik ki, ölkəmizdə 2020-ci ildən tətbiq olunan aqrar sığorta mexanizminə əsasən əkin sahələri üzrə hesablanmış sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.