Azərbaycanda meyvə bağlarının dövlət aqrar sığortası ilə sığortalanması mövsümü başlayır
31 oktyabr 2025 | 15:59
Aqrar Sığorta Fondu tərəfindən dövlət dəstəyi ilə tətbiq olunan sığorta sistemində 21 növ meyvə bağının müxtəlif risklərdən sığortalanması mümkündür. Buraya alma, armud, şaftalı (nektarin), ərik, gilas, albalı, nar, alça, çiyələk, fındıq, qoz, badam, gavalı, heyva, xurma, limon, naringi, portağal, ting, üzüm, zeytun bitkiləri aiddir.
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Onu qeyd edirik ki, hesablanmış sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Fermerlər meyvə bağlarının sığortalanması ilə əlaqədar Aqrar Sığorta Fondunun Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən regional filialına müraciət edə bilərlər.






