Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab N.V.Veysovun 05 sentyabr 2013-cü il tarixdə Şəmkir rayon müəllimlərinin konfransındakı ÇIXIŞI:

06 sentyabr 2013 | 15:00

     Hörmətli  konfrans  iştirakçıları!

     Hörmətli qonaqlar!

     Icazə verin, Sizi yeni dərs ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik edim, Sizlərə yeni-yeni yaradıcılıq uğurları  və  can  sağlığı  arzulayım!

      Son illər Azərbaycan Respublikasında təhsilin inkişafı, bu sahədə aparılan məqsədyönlü islahatlar, xüsusilə Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində görülən işlər deməyə əsas verir ki, Azərbaycan  təhsili ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə uyğun inkişaf edir.

        Azərbaycanın təhsil sistemi Avropa təhsil məkanına surətlə intiqrasiya olunur.

       Təhsil sahəsində islahatların həyata keçirilməsi istiqamətində ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar, verdiyi tövsiyyə və göstərişlər mühüm əhəmiyyət kəsb edir.

      Azərbaycan höküməti təhsilin inkişafına əvvəlki illərdə olduğu kimi, yenə də başlıca önəm vermişdir. Son doqquz ildə ölkəmizdə  1815-ə yaxın yeni  məktəb binası tikilmişdir. 2013-cü ildə  60 yeni məktəb binası tikilərək məktəb kollektivlərinin ixtiyarına verilmişdir.

     Hörmətli  konfrans  iştirakçıları!

     Əziz  müəllimlər!

     2012-2013-cü tədris ilini Şəmkir rayonunun təhsil sahəsində ən uğurlu illərdən biri hesab etmək olar. Bunu ilin nəticələrindən aydın görmək olar.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 avqust 2013-cü il tarixli  sərəncamı ilə 2012/2013-cü tədris ilində keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş Düyərli kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə İbrahimova xüsusi diploma və 5 min manat pul mükafatına layiq görülmüşdür. 

      İcazə verin, Şəmkir rayon İcra Hakimiyyəti adından və bütün konfrans iştirakçıları adından İlhamə İbrahimovanı  təhsil sahəsində qazandığı uğurlara görə səmimi qəlbdən təbrik edim, ona yaradıcılıq uğurları və can sağlığı arzulayım.

     Rayonun ümumtəhsil məktəblərini bitirmiş 2497 nəfər şagird attestat almışdır.  Əvvəlki illərdə təhsillərini başa vurmuş məzunlarla birlikdə rayon üzrə 1480  nəfər məzun ali məktəblərə qəbul üçün sənəd vermişdir.

     Ali məktəblərə qəbul olan Şəmkirli tələbələrin sayı hər il ardıcıl olaraq artmaqda davam edir.

      2013-cü ildə 510 nəfər Şəmkirli gənc bu şərəfli adı qazanmışdır. 2005-ci ilə  nisbətən ali məktəblərə qəbul olunanların sayı  286 nəfər və ya 2 dəfədən çox artmışdır.  

      Abituriyentlərin bilik səviyyəsi ilbəil yüksəlir. 10 nəfər 600 dən, 41 nəfər isə 500 dən çox bal toplaması bizi sevindirir. Sevindirici haldır ki, 500-dən çox bal toplamış  məzunların əksəriyyəti  Azərbaycan Respublikası  Prezedinti yanında Dövlət İdarəçilik Akademiyasına, Bakı Dövlət Universitetinə,  Azərbaycan Tibb Universitetinə və Respublikanın digər nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.

      Mən tələbə adı qazanmış gənclərimizi və onların qazandığı nailiyyətlərdə əməyi olan bütün müəllimləri  ürəkdən təbrik edir, onlara  təhsildə yeni-yeni uğurlar arzulayıram.

     Ali məktəblərə daha çox C.Rüstəmov adına, M.Füzuli adına şəhər məktəblərindən, Düyərli 2 saylı, H.Z.Tağıyev adına Kür qəsəbə, Sabirkənd, Dəllər-Cəyir, Bayramlı, S.Vurğun adına, Aşağı Seyfəli və Dəllər qəsəbə məktəblərinin məzunları qəbul olunmuşlar.

      Qazanılan nailiyətlərlə yanaşı təhsil sahəsində nöqsanlar da mövcuddur. Belə ki, rayonun 4 məktəbindən-  Mehrili, Dağ Cəyir, Könüllü 2 nömrəli, və Ceyrançöl tam orta məktəblərindən 1 nəfər də olsun məzun ali məktəblərə daxil olmamışdır.       

     Rayon Təhsil şöbəsi məzunları ali məktəblərə qəbul olunmayan orta məktəblərdəki vəziyyəti ətraflı təhlil etməli və həmin məktəblərin rəhbərləri haqqında ciddi tədbirlər görməlidir.   

    Hörmətli  konfrans iştirakçıları!

    Rayon Icra Hakimiyyəti gündən-günə gözəlləşən,abadlaşan, iqtisadiyyatı surətlə inkişaf edən doğma Şəmkirin gələcəyini yalnız bilikli, yüksək təhsilə malik gənclərin yetişdirilməsində görür.

   Ona görə də məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi, yeni inventar və avadanlıqlarla təchiz edilməsi üçün tədbirlər görülür. 

    Ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə məktəb tikintisinə  diqqət daha da artırılmışdır. Son illər ərzində rayonda 62-dən çox yeni məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 24 məktəb binasından 6-sı Heydər Əliyev Fondu tərəfindən tikilmişdir.

2012-ci ildə Abbaslı kəndində 480 şagird yerlik, Şeidlər kəndində 180 şagird yerlik, Ceyrançöl kənd orta məktəbi üçün 80 şagird yerlik, Düyərli kəndində 2 nömrəli orta məktəbin əsaslı təmiri və 480 şagird yerlik yeni korpusun tikintisi, Günəşli kənd orta məktəbin binasının əsaslı təmiri başa çatdırılaraq şagirdlərin ixtiyarına verilmişdir.

     2013-cü ilin mart ayının 18-də Qaralar kəndində 180 şagird yerlik məktəb binası istifadəyə verilmişdir.

Hazırda Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 480 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, məktəblərin tikintisi, Dağ Cəyir və Yeni Göyçə kənd orta məktəblərində bərpa-gücləndirmə işləri  başa çatmaq üzrədir.

  Yaxın günlərdə  həmin məktəblər şagirdlərin istifadəsinə veriləcəkdir.             

       Yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin qorunub saxlanılması  da təhsil işçilərinin başlıca vəzifələrindən biri olmalıdır.  

       Rayonun sosial-iqtisadi inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı "Dövlət Proqramı"nda  Şəmkir rayonu  üçün nəzərdə tutulmuş tədbirlərin icrası mühüm əhəmiyyət kəsb edir.

      Dövlət Proqramında Şəmkir rayonu üçün nəzərdə tutulmuş 17 tədbirin icrası istiqamətində tədbirlər davam etdirilir.

Ölkə iqtisadiyyatında olduğu kimi 2013-cü ilin 8 ayı ərzində Şəmkir rayonunun  iqtisadiyyatında mühüm irəliləyişlər əldə olunmuşdur.

       Ümumi məhsul buraxılışının həcmi ötən  ilin eyni dövrü ilə müqayisədə 5,7  faiz artaraq 256 milyon 397  min manat  təşkil etmişdir.

      Adambaşına düşən ümumi məhsul buraxılışı  4,4 faiz artaraq 1266 manat olmuşdur.

     Rayon üzrə 120 milyon 590 min manatlıq tikinti quraşdırma işləri aparılmışdır.               

      Rayon üzrə 2009-cu ildən hal-hazıradək 14150 iş yeri açılmışdır ki, onunda 3419-u dami iş yeridir.

       Respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri kimi Şəmkirçay dəryaçasının tikintisi davam edir. Ümumi su  tutumu 175 milyon kub metr, bəndin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir və ətraf rayonlarda 75 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Gəncə, Samux və Şəmkir şəhərlərinin içməli su təchizatı yaxşılaşacaq. Dəryaçanın qarşısında qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqovat elektrik enerjisi istehsal olunacaqdır.

Şəmkir dəryaçasından sağ və sol sahil kanallarının çəkilişi davam edir.

Dəryaçanın 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 2011-ci il tarixli sərəncamına uyğun olaraq 2011-ci ildə Şəmkir şəhərinin içməli su xəttinin və kanalizasiya sisteminin tikintisi davam edir.

İndiyədək “Azərsu” tərəfindən Şəmkir şəhərinin Sərxan massivində ümumi su tutumu 11 min kub metr olan 4 su anbarının tikintisi başa çatdırılmışdır. Hazırda Şəmkir şəhərinin bir hissəsi yeni su kəməri vasitəsilə su ilə təmin olunur.

Şəmkirçay dəryaçasından götürülən sudan Şəmkir şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün 3 min kub metr su tutumu olacaq anbarın tikintisinə hazırlıq işləri aparılır.

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2012-ci il tarixli sərəncamı ilə ayrılmış 3 milyon manat vəsaitlə Kür qəsəbəsinə gedən 12 km-lik avtomobil yolunun tikintisi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən başa çatdırılmışdır.

Bipi şirkətinin vəsaiti hesabına Qaracəmirli-Təzəkənd kəndləri arasında 8 km-lik yol yenidən tikilmişdir.

     Şəmkir şəhəri  ətrafında Şəmkir-Gədəbəy dairəvi avtomobil yolu         (10 km) və Cəyir çayı üzərindən keçən körpü yenidən qurulmuşdur.

Uzunluğu 4.3 km olan Təzəkənd-Qarabağlar avtomobil yolunun tikintisi ilə əlaqədar Nazirlər Kabinetinə təklif verilmişdir.

Şəmkir şəhərində Bayraq meydanının və onun ətrafında 4,5 hektar ərazidə yeni parkın, Gənclər mərkəzinin, Heydər Əliyev mərkəzinin və ətrafda  14,5 hektar ərazidə yeni parkın, 80 yerlik mehmanxana binasının, Bakı Oksford məktəbinin uşaq bağçası-abidələr parkının tikintisi, Lüteran alman kilsəsində əsaslı təmir-bərpa işləri və Dəllər qəsəbəsində Bakı-Oksford məktəbinin 100 yerlik yataqxana binasının tikintisi başa çatmışdır.

Şəhərin mərkəzində yerləşən qədim yaşayış binalarının fasadları və dam örtüklərinin alman memarlıq üslübunda bərpa olunur. İndiyədək şəhər ərazisində 350-dək  yaşayış binasının dam örtüyü dəyişdirilmişdir. 

Şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar mərkəzi küçələrdə 219 min kv.m ərazidə asfalt beton örtüyü salınmış, 80 min kv.m sahəyə tamet döşənmiş, 12 km uzunluğunda yeni bardurlar düzülmüş, 30 hektar sahədə yeni yaşıllıq və qazon örtüyü salınmışdır.

Şəhərin ərazisində 22 km uzunluğunda yeni su kanalları çəkilmişdir. 20 yanvar parkında yenidənqurma işləri başa çatdırılmışdır.

   Hörmətli konfrans iştirakçıları!  

      Şəmkir rayonu Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.

    Ötən ildəki kimi Rayon İcra Hakimiyyəti kənd əməkçilərinin problemlərinin həllinə başlıca diqqət yetirir. 

      Rayon üzrə 181 min 610 hektar torpaq sahəsinin 59 min 504 hektarı Dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.

     2013-cü ildə 2219 hektar sahədə taxıl əkilmişdir ki, onun 16212 hektarı buğda, 5954 hektarı arpa, 53 hektarı isə vələmir olmuşdur. Rayon üzrə biçilmiş sahələrdən 85093 ton məhsul toplanılmışdır.  

      Rayon üzrə iri buynuzlu mal-qaranın sayı 60722 başa, qoyun və keçilərin sayı isə 283829 başa çatmışdır.

      Şəmkir rayonundan Bakı şəhərinin Xətai rayonuna kənd təsərrüfatı məhsulları yarmarkasına məhsul göndərilişi davam edir.

       Hörmətli konfrans iştirakçıları!

Bu günki, Şəmkir dünənki, deyil. Sabahkı Şəmkir isə daha gözəl olacaqdır. Bunu bizdən tariximiz, zaman və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi sosial -iqtisadi kurs tələb edir.

      Mən inanıram ki, Şəmkir rayonunun təhsil işçiləri 2013 -2014-cü tədris ilində daha yaxşı nəticələr əldə edəcəklər. Bu sahədə Sizə bir daha  uğurlar arzulayıram.

     Diqqətinizə görə sağ olun!

Keçidlər