Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı nitqi ilə əlaqədar Şəmkir rayon İcra Hakimiyyəti Başçısı N.V.Veysovun
MƏRUZƏSİ
Hörmətli yığıncaq iştirakçıları!
Bildiyiniz kimi 2013-cü ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2013-cü ilin birinci yarısında görülmüş işləri ətraflı təhlil etmiş, qarşıda duran konkret vəzifələri müəyyənləşdirmişdir.
Ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurlar dövlətimizin müəyyənləşdirdiyi strategiyanın məntiqi nəticəsi kimi dəyərləndirilmişdir. Son illər Azərbaycan iqtisadiyyatı dinamik olaraq inkişaf etmiş 2013-cü ilin birinci yarısında müsbət nəticələr əldə olunmuşdur.
Respublikamızda ümumi daxili məhsul istehsalı 5 faiz, qeyri -neft sektorunda artım 11 faiz olmuşdur. Kənd təsərrüfatında 5 faizdən çox artım əldə olunmuşdur.
55 min yeni iş yeri açılmışdır.
Ölkəmizin valyuta ehtiyatları 48 milyard dollardan çox olmuşdur.
Əhalinin pul gəlirləri 6 faiz artmışdır. Yoxsulluq səviyyəsi son 10 il ərzində 50 faizdən 6 faizə düşmüşdür. Respublika üzrə 123 min ailə dövlətdən ünvanlı sosial yardım alır.
Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuşdur. Hazırda ümumi daxili məhsulun 83 faizi özəl sektorun payına düşür.
Bu gün dünya miqyasında rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir.
2013-cü ilin birinci yarısında Azərbaycanın həyatında bir sıra tarixi hadisələr baş vermişdir.
Qusar rayonu ərazisində “Şahdağ” xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu kompleksdən qısa müddət ərzində 70 min nəfər turist istifadə etmişdir.
Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması ilə ölkəmiz kosmik dövlətlər sırasına qoşulmuşdur.
Azərbaycanda ilk dəfə olaraq Davos Forumu keçirilmişdir. Çoxdan gözlənilən “Cənub” qaz dəhlizinin marşrutu seçilmişdir. Azərbaycan bu kəmər vasitəsilə öz qazını Avropaya nəql edə biləcəkdir.
Növbəti hərbi paradın keçirilməsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirmiş oldu.
Hörmətli yığıncaq iştirakçıları!
2013-cü ilin birinci yarısında Şəmkir rayonunun iqtisadiyyatında da mühüm artımlar əldə olunmuşdur.
Rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz artaraq 256 milyon 397 min manat təşkil etmişdir.
Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 4.4 faiz artaraq 1266 manat olmuşdur. Bu dövrdə ötən illə müqayisədə əmtəə dövriyyəsinin həcmində 9,5 faiz, pullu xidmətlərin həcmində 6.1 faiz artım əldə olunmuşdur.
Birinci yarım il ərzində rayon üzrə 120 milyon 590 min manatlıq tikinti quraşdırma işləri görülmüşdür.
Rayonda 196 ədəd ötən ildəkindən 6.5 faiz çox fərdi yaşayış evi tikilmişdir.
Kənd təsərrüfatında ümumi məhsulun həcmində 13.6 faiz artım olmuşdur.
İkinci Dövlət Proqramı qəbul edildiyi vaxtdan, 2009-cu ildən hal-hazıradək rayonda 14150 iş yeri açılmışdır, bundan 3419-u daimi iş yeri olmuşdur. 2013-cü ilin 6 ayı ərzində rayon üzrə 2637 iş yeri açılmışdır, bundan 439-u daimi iş yeri olmuşdur.
Rayon əhalisinin sayı 202 min 400 nəfərə çatmışdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2784 ailənin 12935 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına” uyğun olaraq Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 17 tədbirin icrası ilə bağlı tədbirlər davam etdirilmişdir.
Növbəti 2014-2018-ci illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının layihəsinə Şəmkir rayonu üzrə 39 təklif irəli sürülmüşdür.
Rayonda fəaliyyət göstərən 19 sənaye müəssisəsində 3 milyon 470 min manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 14.6 faiz çox məhsul istehsal olunmuşdur.
Zəyəm qəsəbəsində Zəyəmkəndmaş zavodunda yenidən qurma işlərinə başlanılmışdır. Müəssisədə aparılan yenidənqurma işləri başa çatdırıldıqdan sonra Zəyəm qəsəbəsində yaşayan əhalinin xeyli hissəsi işlə təmin olunacaq.
Sarıtəpə kəndi yaxınlığında “Azaqro” MMC-yə məxsus müəssisədə qızılgül yetişdirilməsinə başlanılmışdır.
Əhalinin elektrik enerjisi və təbii qazla təminatı nəzarətdə saxlanılmışdır. Rayon ərazisində yaşayan 44566 abonent fasiləsiz olaraq elektrik enerjisi ilə, 34345 abonent isə təbii qazla təmin olunur.
İlin əvvəlindən ardıcıl olaraq hər ay istehlak olunmuş elektrik enrjisinin və təbii qazın dəyəri 100 faiz ödənilmişdir.
Hazırda Muxtariyyat, Bayramlı, Qılıncbəyli və Qaralar kəndlərində qaz xətlərinin davam edir. Yaxın aylarda bu kəndlərin qaz təchizatı bərpa olunacaqdır.
Kənd təsərrüfatının inkişafı ilə bağlı tədbirlər davam etdirilmişdir.
2013-cü ilin məhsulu üçün 22 min 219 hektar sahədə taxıl, 3835 hektar kartof, 4333 hektar tərəvəz əkilmişdir.
Rayon üzrə 22 min 219 hektar taxıl sahəsinin 18 min 334 hektarı biçilmişdir. Taxıl biçini davam etdirilir.
Əkin sahələrinin suvarılması işi daim nəzarətdə saxlanılmış və bu sahədə heç bir problem olmamışdır.
Rayon üzrə 4150 ton ət, 23206 ton süd, 34 milyon 677 min ədəd yumurta istehsal edilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2.5 faiz, süd istehsalı 4.8 faiz, yumurta istehsalı 62.1 faiz artmışdır.
İribuynuzlu mal-qaranın baş sayı 60 min 722 başa, qoyun və keçilərin baş sayı 283 min 829 başa çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 192 baş, qoyun və keçilərin sayı 1512 baş artmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Şəmkir rayonunda geniş quruculuq və abadlıq işləri həyata keçirilir.
Hazırda respublikamızda həyata keçirilən ən böyük lahiyələrdən biri olan Şəmkirçay dəryaçasının tikintisi davam etdirilir.
Ümumi su tutumu 175 milyon kub metr, bəndinin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göy-Göl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Dəryaçadan Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xəttinin çəkilişi başa çatmışdır.
Dəryaçanın tikintisi zamanı qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqovat elektrik enerjisi istehsal olunacaqdır.
Şəmkir dəryaçasından sağ və sol sahil kanallarının çəkilişi davam edir.
Dəryaçanın 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 2011-ci il tarixli sərəncamına uyğun olaraq 2011-ci ildə Şəmkir şəhərinin içməli su xəttinin və kanalizasiya sisteminin tikintisinə başlanılmışdır.
İndiyədək “Azərsu” tərəfindən Şəmkir şəhərinin Sərxan massivində ümumi su tutumu 11 min kub metr olan 4 su anbarının tikintisi başa çatdırılmışdır. Hazırda Şəmkir şəhərinin bir hissəsi yeni su kəməri vasitəsilə su ilə təmin olunur.
Şəmkirçay dəryaçasından götürülən sudan Şəmkir şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün 3 min kub metr su tutumu olacaq anbarın tikintisinə hazırlıq işləri aparılır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2012-ci il tarixli sərəncamı ilə ayrılmış 3 milyon manat vəsaitlə Kür qəsəbəsinə gedən 12 km-lik avtomobil yolunun tikintisi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən başa çatdırılmışdır.
Bipi şirkətinin vəsaiti hesabına Qaracəmirli-Təzəkənd kəndləri arasında 8 km-lik yol yenidən tikilmişdir.
Şəmkir şəhəri ətrafında Şəmkir-Gədəbəy dairəvi avtomobil yolu (10 km) və Cəyir çayı üzərindən keçən körpü yenidən qurulmuşdur.
Uzunluğu 4.3 km olan Təzəkənd-Qarabağlar avtomobil yolunun tikintisi ilə əlaqədar Nazirlər Kabinetinə təklif vermişik.
Şəmkir şəhərində Bayraq meydanının və onun ətrafında 4,5 hektar ərazidə yeni parkın, Gənclər mərkəzinin, Heydər Əliyev mərkəzinin və ətrafda 14,5 hektar ərazidə yeni parkın, 80 yerlik mehmanxana binasının, Bakı Oksford məktəbinin uşaq bağçası-abidələr parkının tikintisi, Lüteran alman kilsəsində əsaslı təmir-bərpa işləri və Dəllər qəsəbəsində Bakı-Oksford məktəbinin 100 yerlik yataqxana binasının tikintisi başa çatmaq üzrədir.
Şəhərin mərkəzində yerləşən qədim yaşayış binalarının fasadları və dam örtüklərinin alman memarlıq üslübunda bərpa olunur. İndiyədək şəhər ərazisində 300-dək yaşayış binasının dam örtüyü dəyişdirilmişdir.
Şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar mərkəzi küçələrdə 167 min kv.m ərazidə asfalt beton örtüyü salınmış, 50 min kv.m sahəyə tamet döşənmiş, 9 km uzunluğunda yeni bardurlar düzülmüş, 23 hektar sahədə yeni yaşıllıq və qazon örtüyü salınmışdır.
Şəhərin ərazisində 22 km uzunluğunda yeni su kanalları çəkilmişdir. Hazırda 20 yanvar parkında yenidənqurma işləri aparılır.
Rayonda məktəb tikintisinə başlıca diqqət yetirilir.
Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 62-si yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 24 məktəb binasından 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.
2012-ci ildə Abbaslı kəndində 480 şagird yerlik, Şeidlər kəndində 180 şagird yerlik, Ceyrançöl kənd orta məktəbi üçün 80 şagird yerlik, Düyərli kəndində 2 nömrəli orta məktəbin əsaslı təmiri və 480 şagird yerlik yeni korpusun tikintisi, Günəşli kənd orta məktəbin binasının əsaslı təmiri başa çatdırılaraq şagirdlərin ixtiyarına verilmişdir.
2013-cü ilin mart ayının 18-də Qaralar kəndində 180 şagird yerlik məktəb binası istifadəyə verilmişdir.
Hazırda Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 480 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, məktəblərin tikintisi davam edir. Dağ Cəyir və Yeni Göyçə kənd orta məktəblərində bərpa-gücləndirmə işləri aparılır.
Yeni dərs ili başlananadək məktəblərin şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
2012/2013-cü dərs ilinin yekununa görə rayonun ümumtəhsil məktəblərinin IX sinifi bitirmiş 2878 nəfər şagird şəhadətnamə, XI sinifi bitirmiş 2497 nəfər şagird attestat almışlar.
Şəmkir şəhəri Morul tam orta məktəbin XI sinif şagirdi Səfərli Fərhad Nofəl oğlu təlim göstəricilərinə görə qızıl medal almışdır.
Orta məktəb məzunlarından 1480 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişlər. Ali məktəblərə qəbul olunmaq üçün sənəd verənlərin sayı əvvəlki ilə nisbətən 619 nəfər artmışdır.
Rayonun Səhiyyə sistemində islahatlar davam etdirilir. Əhaliyə 549 çarpayılıq 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 feldşer-mama məntəqəsi tibbi xidmət göstərir.
Səhiyyə sistemində 353 nəfər həkim, 1139 nəfər orta tibb işçisi çalışır. Rayonda Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini xeyli yaxşılaşdırmışdır. İxtisaslaşmış tibb heyyətinin köməyi ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata keçirilir. Ətraf rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir rayonunun səhiyyə müəssisələrində müalicə olunur.
Mərkəzi rayon xəstəxanasının ərazisində 150 çarpayılıq doğum evinin, Poliklinika binasının tikintisi, Yolxucu xəstəliklər xəstəxanasının və Kür qəsəbə xəstəxanasının binalarının təmiri nəzərdə tutulmuşdur.
Aprel ayının 16-da Yaponiya səfirliyi tərəfindən Ələsgərli kəndində tikilmiş 11 otaqdan ibarət həkim məntəqəsi kənd sakinlərinin ixtiyarına verilmişdir.
Yaxın günlərdə Yaponiya səfirliyi tərəfindən Sabirkənd kəndində yeni həkim məntəqəsinin tikintisinə başlanılacaqdır.
Rayonun Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır.
Şəmkir rayon Mədəniyyət və Turizim şöbəsi tərəfindən rayonda həyata keçirilən mədəni kütləvi tədbirlərin keyfiyyəti yüksəlmişdir.
Rayon icra hakimiyyətinin himayəsi ilə rayonda gənclərin asudə vaxtının səmərəli keçməsi, onları narahat edən problemlərin vaxtında həll edilməsi üçün bir sıra işlər görülmüşdür.
Heydər Əliyev Mərkəzində ulu Öndərin adı ilə bağlı arxiv, dövrü mətbuat materialları, video-foto sənədləri və sair sənədləri toplayan 15 nəfərdən ibarət təhqiqat qrupu yaradılmışdır. Mərkəz texniki avadanlıqlarla təchiz olunmuşdur.
Heydər Əliyev Mərkəzində rayon məktəblilərinə,rayon sakinlərinə, qonaqlara Heydər Əliyevin ictimai-siyasi həyatı və irsi geniş təbliğ edilir. Müxtəlif sahələr üzrə peşə bayramlarının Heydər Əliyev Mərkəzində qeyd edilməsi ənənə şəklini almışdır.
Heydər Əliyev Mərkəzinin yeni binası isifadəyə verildikdən sonra mərkəzin fəaliyyəti və imkanları daha da yaxşılaşacaqdır.
Şəmkir Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi gənclərə böyük hədiyyə olmuşdur. Rayon gəncləri boş vaxtlarının əksər hissəsini idman kompleksində keçirməklə idmanın sərbəst güləş, karate, üzgüçülük və bir sıra digər idman növləri ilə məşğul olurlar.
Qeyd etməliyəm ki, son vaxtlar rayonda gənclərin idmanın sərbəst güləş növünə olan marağı xeyli artmışdır.Şəmkir şəhərində yerləşən güləş məktəbində gündəlik 270 nəfərədək yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.
Rayonda gənclərin ordu sıralarına hazırlığına diqqət artırılmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən gənclərin həqiqi hərbi xidmətə göndərilməsi tapşırığı vaxtında yerinə yetirilmişdir. Çağırış yaşlı gənclər arasında çağırışdan yayınma halları qeydə alınmamışdır.
Rayonda dini durum sabit olaraq qalmış, dini qurumların fəaliyyətində qanuna zidd heç bir hadisə qeydə alınmamışdır.
Rayonda rəsmi mətbuat orqanlarına, eləcədə digər qəzet və jurnallara abunə yazılışı diqqət mərkəzində saxlanılmışdır.
“Şəmkir” qəzetinin ayda bir dəfə çıxması təmin edilmişdir.
Rayonun ictimai-siyasi həyatında qazanılmış uğurlarda hüquq-mühafizə orqanlarının da əməyi az olmamışdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatı ilə rayonun Hüquq mühafizə orqanlarının birgə və qarşılıqlı fəaliyyəti rayon daxilində olan bir çox problemlərin həllinə öz müsbət təsirini göstərmişdir.
Rayonda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində müəyyən işlər görülmüşdür.
Rayon icra hakimiyyəti başçısı tərəfindən ayrı-ayrı kəndlərdə 25 səyyari qəbul keçirilmiş, qəbul zamanı 4936 nəfər iştirak etmişdir. Vətəndaşların qəbulu zamanı 163- təklif irəli sürülmüşdür. Təkliflərin 18-i kəndarası yolların təmirinə, 47-si suvarma məsələlərinə, su kanallarının və subartezian quyularının təmirinə, 23-ü torpaq məsələlərinə, 21-i məktəb tikintisinə və uşaq bağçalarının təmiri məsələlərinə, 23-ü transformatorların və elektrik xətlərinin təmirinə, 23-ü ünvanlı sosial yardım verilməsinə, 3-ü smart kart tipli sayğacların quraşdırılmasına, 1-i mənzil məsələsinə, 1-i tikinti məsələsinə, 2-si qaz xətinin çəkilişinə, 1-i telefon xəttinin çəkilişinə dair olmuşdur.
Həmin təkliflərin 99-u həll edilmiş, 50 –si icra olunur, 14-ü tövsiyyə xarakterli olmuşdur.
Hörmətli yığıncaq iştirakçıları!
Şəmkir rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edir ki, şəmkirlilər Prezidentimizin siyasi kursuna uyğun olaraq rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daim məqsədyönlü işlər həyata keçirəcəkdir.
Diqqətinizə görə sağ olun !