Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda 2012-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyətinin Başçısı cənab N.V.Veysovun hesabat məruzəsi

10 fevral 2013 | 16:00

Hörmətli qonaqlar!
Hörmətli yığıncaq iştirakçıları!
Respublikamız ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursa uyğun olaraq sürətlə inkişaf edir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı 2012-ci ildə öz dinamik inkişafını qoruya bilmişdir.
Respublikamızda 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2013-cü il yanvarın 15-də Nazirlər Kabinetinin iclasında ətraflı təhlil edilmişdir.
Ölkə iqtisadiyyatının bütün göstəriciləri müsbət olmuşdur. Ümumi daxili məhsul istehsalı 2.2 faiz artmış, qeyri-neft sektorunda 9.7 faiz, kənd təsərrüfatı məhsulları istehsalında 6 faiz artım əldə olunmuşdur.
Makro iqtisadi sabitliyin qorunub saxlanılması nəticəsində inflyasiya 1.1 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 13.8 faiz artmışdır.
Ölkə iqtisadiyyatına 22 milyard dollardan çox investisiya qoyulmuşdur. Bunun 13 milyard dolları daxili, 9 milyard dolları isə xarici investisiyalar olmuşdur. Respublikamızın valyuta ehtiyatları 46 milyard dollara çatmışdır.
Sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılmışdır. Respublika vətəndaşlarının keçmiş SSRİ-nin əmanət banklarına qoyulmuş vəsaitlərinin ödənilməsi üçün dövlət büdcəsindən 400 milyon manatdan çox pul ödənilmişdir.
Ölkə üzrə orta aylıq əmək haqqı məbləği 500, orta pensiyanın məbləği 200 dollara yaxınlaşmışdır.
2012-ci ildə 117 min yeni iş yeri açılmışdır ki, onun da 93 mini daimi iş yeridir.
Regionların inkişafı Dövlət Proqramı qəbul edildiyi vaxtdan hal-hazıradək 1 milyon 200 min iş yeri açılmışdır. Bütün bunlar ölkəmizdə işsizliyin səviyyəsinin 5.2 faizə, yoxsulluğun isə 6 faizə düşməsinə səbəb olmuşdur.
Sosial infrastrukturun inkişafı diqqət mərkəzində saxlanılmış, il ərzində 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Azərbaycan Respublikasının 2013-cü il üçün Dövlət büdcəsinin xərcləri 20 milyard manat səviyyəsində təsdiq edilmişdir.
2012-ci il Respublikamız üçün xarici siyasətdə uğurlu il olmuşdur. Azərbaycan tarixdə ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır.
Azərbaycan idmançıları Olimpiya oyunlarında böyük nəticələr qazanmışlar. 204 ölkənin idmançılarının iştirakı ilə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Olimpiya oyunlarında idmançılarımız 30-cu yeri tutmuşlar.
“Evrovision” mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olunmuşdur.
Ötən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində Birinci Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının iqtisadi və siyasi cəhətdən sabit olması bu mötəbər idman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə imkan verəcəkdir.
2013-cü il respublikamızda “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilmişdir.
Respublikamızda 2013-cü il uğurla başlanılmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013-cü ili də biz uğurla başa vuracağıq”.

Hörmətli yığıncaq iştirakçıları!

Şəmkir rayonunda 2012-ci ildə bütün sahələrdə nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin, Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında geniş tədbirlər planı hazırlanmış və nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində işlər aparılmışdır.
Rayon Icra Hakimiyyəti Başçısı yanında 60 müşavirə və iclas keçirilmişdir. Rayon Icra Hakimiyyəti Başçısı yanında şuranın 26 iclasında 33 məsələ müzakirə edilmişdir.
2012-ci ildə rayon əhalisinin sayı 2654 nəfər artaraq 201 min 500 nəfərə çatmışdır. İl ərzində rayona 209 nəfər gəlmiş, 231 nəfər getmişdir.
Rayonda 1690 nigah, 141 boşanma halı qeyd olunmuş, 3871 nəfər doğulmuş, 1353 nəfər vəfat etmişdir.
Azərbaycan Respublikası regionlarının (2009-2013-cü illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 17 tədbirdən 15-nin icrası ilə bağlı işlər davam etdirilir.
2012-ci ildə rayonda 572 milyon 544 min manatlıq, 2011-ci ilə nisbətən 28.9 faiz çox ümumi məhsul buraxılmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 21.8 faiz artaraq 2841 manat təşkil etmişdir.
Sənaye müəssisələrində 19 milyon 632 min manatlıq, kənd təsərrüfatında 226 milyon 167 min manatlıq, tikinti quraşdırma sahəsində 245 milyon 100 min manatlıq məhsul buraxılmışdır.
Pullu xidmətlərin həcmi 16.7 faiz artaraq 64 milyon 840 min manat, əmtəə dövriyəsinin həcmi 15.3 faiz artaraq 234 milyon 900 manat olmuşdur.
İl ərzində 602 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir, əsas kapitala 278 milyon 951 min manat investisiya qoyulmuşdur.
Rayonda 5247 iş yeri açılmışdır ki, onun da 874 daimi iş yeri olmuşdur.
Son dörd ildə (2009-2012-ci illər) 11513 iş yeri, o cümlədən 2980 daimi iş yeri yaradılmışdır.
Rayonun maliyyə sistemində davamlı tədbirlər həyata keçirilmiş, 2012-ci il üçün yerli gəlir və xərclər 33 milyon 358 min 571 manat proqnozlaşdırılmışdır. Yerli gəlirlərin proqnoz tapşırığı 6 milyon 946 min 400 manat və ya 111 faiz yerinə yetirilmişdir.
Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-ci illər) uyğun olaraq rayonda yaşayan işsiz əhalinin daimi və müvəqqəti işlə təmin olunmaları ilə bağlı bir sıra tədbirlər görülmüşdür.
İş axtaran vətəndaşlardan 175 nəfəri qeydiyyata götürülmüş, onlardan 71 nəfəri daimi işlə təmin olunmuş, 22 nəfəri haqqı ödənilən bir aylıq ictimai işlərə göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 26 min 683 nəfər pensiyaçıya xidmət göstərilmiş, 741 nəfərə əmək pensiyası təyin olunmuşdur. İdarə tərəfindən 7 milyon 99 min manat məcburi dövlət sığorta haqqı toplanılmışdır.
Rayon ərazisində bütün növ pensiya və müavinətlərin plastik kartlar vasitəsilə verilməsi təmin olunmuşdur.
“Ünvanlı Dövlət Sosial yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli fərmanına uyğun olaraq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 3179 ailənin 14 min 823 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.
Dövlət Sığorta Kommersiya şirkətinin Şəmkir filialının fəaliyyəti yarıtmaz olmuşdur. Filial tərəfindən 260 min manat plana qarşı 103 min 389 manat tədiyyə toplanılaraq tapşırığa yalnız 39.7 faiz əməl olunmuşdur.
İşində yol verdiyi nöqsanlara görə Dövlət Sığorta Kommersiya şirkətinin Şəmkir filialının direktoru Yaşar Babayev tutduğu vəzifədən azad edilmişdir.
Filialın direktoru vəzifəsinə gənc kadr Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Şükürani Vüsal Ələddin oğlu təyin olunmuşdur.
Şəmkir rayonunun təhsil müəssisələrində 29 min 988 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3456 nəfər müəllim məşğul olmuşdur.
Rayon üzrə 79 ümumtəhsil məktəbi (68 tam orta, 10 orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
Azərbaycanın ümumtəhsil sistemində başlanılan və uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim və tədris prosesinin inkişafına təkan vermişdir.
2011-2012-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin 9-cu sinifini bitirmiş 3154 nəfər şagirddən 2059 nəfəri (65.2 faiz) şəhadətnamə, 11-ci sinifini bitirmiş 2201 nəfər şagirddən 1835 nəfəri (83 faizi) orta təhsil haqqında atestat almışdır.
Ali məktəblərə qəbul üçün 863 nəfər məzun sənəd vermiş, 468 nəfər tələbə adı qazanmışdır.
Abituriyentlərdən 14 nəfəri 600-dən çox, 40 nəfəri isə 500-dən çox bal toplamışdır.
Yaranmış ənənəyə uyğun olaraq ali məktəblərə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti Başçısının görüşü keçirilmişdir. Görüşdə iştirak edən tələbələrə Rayon İcra Hakimiyyəti Başçısının və Regionların Inkişafı ictimai birliyinin mükafatları verilmişdir.
Təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən biri də Əhməd Cavad adına Şəmkir şəhər tam orta məktəbin biologiya müəllimi Əliyeva Sona Sakit qızının “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli sərəncamı ilə Sona Əliyeva müsabiqənin qalibi kimi 5 min manat pul mükafatına və 01 oktyabr 2012-ci il tarixli sərəncamı ilə isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Rayon Icra Hakimiyyəti tərəfindən rayonun ümumtəhsil məktəblərinə göndərilmiş gənc müəllimlərin sosial problemlərinin həllinə başlıca diqqət yetirilmişdir.
Rayonun tarixində ilk dəfə olaraq 2012-ci ilin 12 oktyabrında 75 nəfər gənc müəllimlə rayon İcra Hakimiyyəti Başçısı yanında görüş təşkil edilmişdir. Görüşdə gənc müəllimlər diqqətlə dinlənilmiş, onların problemlərinin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmişdir.
Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 62-si yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 24 məktəb binasından 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.
2012-ci ildə Abbaslı kəndində 480 şagird yerlik, Şeidlər kəndində 180 şagird yerlik, Ceyrançöl kənd orta məktəbi üçün 80 şagird yerlik, Düyərli kəndində 2 nömrəli orta məktəbin əsaslı təmiri və 480 şagird yerlik yeni korpusun tikintisi, Günəşli kənd orta məktəbin binasının əsaslı təmiri başa çatdırılaraq şagirdlərin ixtiyarına verilmişdir.
Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 480 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir, Dağ Cəyir və Yeni Göyçə kənd orta məktəblərinin binalarının bərpa-gücləndirmə işləri ilə bağlı lahiyə smeta sənədləri hazırlanır. Hazırda Qaralar kəndində 180 şagird yerlik məktəb binasının tikintisində son tamamlama işləri aparılır.
Rayonun yeni istifadəyə verilmiş məktəblərinə 25 ədəd kompyuter, 19 ədəd noutbook, 20 ədəd proyektor və 25 ədəd printer verilmişdir.
Təhsil sahəsində əldə olunmuş uğurlarla yanaşı rayonun bir sıra ümumtəhsil məktəblərində tədrisin səviyyəsinin aşağı olması narahatlıq doğurur. Bunun nəticəsidir ki, 7 ümumtəhsil məktəbinin -R.Əliyev adına tam orta, Talış kənd tam orta, Şeidlər kənd tam orta, Mehrili kənd tam orta, Yuxarı Çaykənd kənd tam orta, Ələsgərli kənd tam orta, Yuxarı Seyfəli kənd tam orta məktəblərin məzunlarından bir nəfər də olsun ali məktəblərə qəbul olmamışdır.
Rayon Icra Hakimiyyəti hesab edir ki, təhsil sahəsində olan problemlər rayon təhsil şöbəsi tərəfindən diqqətlə araşdırılacaq, pedaqoji kadrlara qarşı tələbkarlıq artırılacaqdır.
Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası, 1 stamotoloji poliklinika və Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərmişdir.
Səhiyyə müəssisələrində 353 həkim, 1139 nəfər orta, 600 nəfərə yaxın kiçik tibb işçisi çalışır.
Həyata keçirilən sanitar tədbirlər nəticəsində əhali arasında yoluxucu xəstəliklərin sayı azalmışdır. İxtisaslaşmış tibb heyyətinin köməyi ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata keçirilir. Ətraf rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir rayonunun səhiyyə müəssisələrində müalicə olunur. İl ərzində rayonun səhiyyə müəssisələrində 2500 nəfərə yaxın xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmışdır.
Avqust ayında Mərkəzi rayon xəstəxanasında təşkil edilmiş qan vermə aksiyasında 805 nəfər rayon sakini təmənnasız olaraq qan vermişdir.
Tibb müəssisələrində 3173 nəfər uşaq doğulmuşdur, bir yaşa qədər uşaqlar arasında 8 ölüm hadisəsi qeydə alınmışdır.
2012-ci ildə 18 nəfər həkim, 124 nəfər orta tibb işçisi Bakı şəhərində ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak etmişdir.
Rayonun Ələsgərli kəndində yeni həkim məntəqəsinin tikintisi başa çatmaq üzrədir.
2013-cü ildə rayonda 150 çarpayılıq doğum evinin, poliklinika binasının tikintisi, yoluxucu xəstəliklər xəstəxanasının və Kür qəsəbə xəstəxanasının əsaslı təmiri nəzərdə tutulmuşdur.
Səhiyyə müəssisələrində aparılan islahatlara baxmayaraq rayonun ucqar kəndlərində əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini yaxşılaşdırmaq mümkün olmamışdır.
Səhiyyə müəssisələrinin əksəriyyətinin təmirə ehtiyacı vardır. Bir sıra ixtisaslar üzrə həkimlər çatışmır.
Rayon Gigiyena və Epidemiologiya mərkəzi və rayonlararası taun əleyhinə şöbə tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə sanitar tədbirlər gücləndirilmişdir. Nəticədə əhali arasında yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Şəmkir şəhərində taun əleyhinə şöbənin ərazisində bioloji təhlükəsizlik laboratoriyasının tikintisi başa çatdırılmışdır.
Rayonun mədəniyyət sahəsində 29 mədəniyyət evi, 29 klub, 73 kitabxana, 1 uşaq musiqi məktəbi, 2 muzey və Heydər Əliyev mərkəzi fəaliyyət göstərmişdir.
Mədəniyyət sistemində 568 nəfər, o cümlədən 465 nəfər mədəni maarif işçisi, 103 nəfər texniki işçi çalışır.
Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyəti normal təşkil olunmuş, əhaliyə göstərilən mədəni xidmətin keyfiyyəti xeyli yaxşılaşmışdır.
Müxtəlif musiqi festivalları, baxış müsabiqələri keçirilmişdir. Rayon ərazisində yerləşən hərbi hissələr Mədəniyyət və Turizm şöbəsi tərəfindən hamiliyə götürülmüş və hərbi hissələrdə konsertlər təşkil olunmuşdur.
Rayon ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin öyrənilməsi, qorunması və bərpası ilə bağlı tədbirlər davam etdirilmişdir.
Muxtariyyat kəndi yaxınlığında yerləşən qədim Şəmkir qalasında və Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yerində konservasiya işləri davam etdirilmişdir.
Hazırda Şəmkir şəhərində 1909-cu ildə Almanlar tərəfindən tilikmiş Lüteran kilsəsində əsaslı təmir və bərpa işləri aparılır.
Mədəniyyət müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması ilə əlaqədar 144 min 689 manatlıq inventar və avadanlıq alınmışdır.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti xeyli genişlənmişdir. Mərkəzdə ümummilli liderin irsinin öyrənilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və digər kütləvi tədbirlərin keçilməsi ənənə şəklini almışdır.
Hazırda tikintisi aparılan Heydər Əliyev Mərkəzinin yeni binası istifadəyə verildikdən sonra Mərkəzin fəaliyyəti daha da yaxşılaşacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıya uyğun olaraq rayonda gənclərin asudə vaxtlarının təşkili, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər davam etdirilmişdir.
Şəmkir Olimpiya idman kompleksi və güləş məktəbi rayon gənclərinin əsas məşğuliyyət yerinə çevrilmişdir.
Güləş məktəbində gündə 250-yə yaxın yeniyetmə və gənc idmanın sərbəst güləş növü ilə məşğul olur.
Şəmkirli idmançılar göstərilən qayğıdan ruhlanaraq beynəlxalq və respublika əhəmiyyətli idman yarışlarında yüksək nəticələr əldə etmişlər.
Güləş məktəbinin yetirməsi Coşqun Məmmədov sərbəst güləş üzrə Polşada keçirilən Avropa çempionatında ikinci yerə, Bakı şəhərində keçirilən Dünya birinciliyində birinci yerə layiq görülmüşdür. Yusifov Ramiz Novruz oğlu Gənclər və İdman Nazirinin əmri ilə “Əməkdar məşqçi” adına layiq görülmüşdür.
Ümumiyyətlə “İdman ili” çərçivəsində keçirilən müxtəlif növ idman yarışlarında rayon idmançılarından 42 nəfəri birinci yerə, 22 nəfəri ikinci yerə, 22 nəfəri isə üçüncü yerə layiq görülmüşdür.

Hörmətli yığıncaq iştirakçıları!
Respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri olan Şəmkirçay dəryaçasının tikintisi davam etdirilmişdir.
Ümumi su tutumu 175 milyon kub metr, bəndinin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.
Dəryaçadan Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xətlərinin çəkilişi davam edir. Şəmkirçay dəryaçasından qidalandırıcı kanalın və magistral kanalların çəkilişi də sürətlə davam etdirilir. Kanalların qarşısında 5 və 7 meqovat gücündə iki hidroturbin quraşdırılacaqdır. Dəryaçanın qarşısında tikiləcək su elektrik stansiyasında 49 meqovat elektrik enerjisi istehsal olunacaqdır.
Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şəmkirçay dəryaçasının tikintisinin 2014-cü ildə başa çatdırılmasının vacibliyini vurğulamışdır.
İcazə verin bu böyük layihənin həyata keçirilməsində göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün Şəmkirlilərin səmimi təşəkkürünü və minnətdarlığını bildirim.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 194 nömrəli sərəncamı ilə Şəmkir şəhərinin içməli su xəttinin çəkilişinə və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır.
Hazırda “Azərsu” tərəfindən şəhərin içməli su təchizatı sisteminin yenidən qurulması işləri davam etdirilir. Sərxan massivində ümumi su tutumu 11 min kub metr olan 4 su anbarının tikintisi başa çatdırılmışdır.
Bundan başqa Şəmkirçay dəryaçasından gələn suyu qəbul etmək üçün Şəmkir şəhərində su tutumu 3 min kub metr olan anbarın tikintisi nəzərdə tutulmuşdur.
“Akkord” şirkəti tərəfindən Şəmkir şəhərinə içməli su xəttinin və şəhərin kanalizasiya xətlərinin çəkilişi davam edir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq Bakı-Qazax magistral avtomobil yolundan Kür qəsəbəsinə gedən 12 km-lik yolun tikintisinə 3 (üç) milyon manat vəsait ayrılmışdır. “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yolun tikintisi başa çatdırılmışdır.
Bipi şirkətinin köməyi ilə Qaracəmirli-Təzəkənd kəndi arasında 8 km-lik yol yenidən tikilmişdir.
Hazırda Şəmkir şəhərinin mərkəzində avtomobillərin hərəkətinin intensivliyini azaltmaq məqsədilə şəhər ətrafından keçən 9.7 km-lik dairəvi (Şəmkir-Gədəbəy) yolun tikintisi başa çatdırılmış və körpünün bərpası başa çatmaq üzrədir.
Rayonda geniş quruculuq və abadlıq işləri aparılır.
Şəmkir şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının, ətrafındakı 14.5 hektar sahəsi olan parkın, gənclər mərkəzinin, bayraq meydanının ətrafda olan 4.5 hektarlıq parkın, beş mərtəbəli mehmanxana binasının, Bakı Oksford məktəbinin uşaq bağçasının və abidələr parkının tikintisi davam etdirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın tikintisi başa çatmaq üzrədir.
Şəhərin mərkəzində AtaBankın, rayon Məhkəməsinin, Polis şöbəsinin, 14 saylı Ərazi Vergilər Idarəsinin, Statistika idarəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binalarının, Heydər Əliyev prospektində iki-beş mərtəbəli ümumi yaşayış bunalarının və eyni zamanda şəhərin S.Vurğun, H.Aslanov, M.Ə.Sabir, Nizami, İ.Məmmədov küçələrində əlliyə qədər fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, hazırda bu işlər davam etdirilir. Küçələrdən keçən qaz xətlərinin yerin altına salınması işləri sürətlə həyata keçirilir.
Dəllər qəsəbəsində Bakı-Oksford məktəbinin 100 yerlik yataqxana binasının tikintisi başa çatmaq üzrədir.
2012-ci ildə rayonda ağacəkmə işləri davam etdirilmişdir. Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin ətrafında 17 min ədəd müxtəlif növ ağac əkilmişdir. Əkilmiş ağacların mühafizəsi və suvarılması üçün zəruri tədbirlər görülmüşdür.
2013-cü ilin yanvar ayında qurumuş və sıradan çıxmış iki mindən çox ağac yenisi ilə əvəz edilmişdir.
Şəmkir Meşə Mühafizəsi və bərpası müəssisəsi 8303 hektar meşə sahəsinə, o cümlədən Şəmkir rayonu ərazisində 6118 hektar meşə və 118 hektar tinglik sahəsinə xidmət edir.
2012-ci ildə müəssisə tərəfindən 70 ha sahədə ting əkini, 20 ha sahədə palıd toxumu səpilmişdir.

Hörmətli yığıncaq iştirakçılar!

Şəmkir rayonu Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Rayon üzrə 181 min 610 hektar torpaq sahəsi vardır. Bundan 59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 130 hektarı suvarma suyu ilə təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.
2012-ci ildə 17 min 102 hektar sahədə taxıl əkilmişdir. Əkilmiş sahələrdən 65 min 333 ton məhsul əldə olunmuşdur. Hər hektardan məhsuldarlıq 38,2 sentner təşkil etmişdir. Bu respublika üzrə ən yüksək göstərici olmuşdur. Taxıl biçini optimal müddətdə itkisiz başa çatdırılmışdır. Bu işdə “Aqrolizinq”in Şəmkir filialının kollektivinin böyük əməyi olmuşdur.
2013-cü ilin məhsulu üçün 19 min 20 hektar sahədə taxıl səpilmişdir.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4554 hektar və ya 31.5 faiz çoxdur. Taxıl sahəsinin 5 min hektarı “Azərtoxum” tərəfindən rayonun Ceyrançöl qış otlaq sahəsində əkilmişdir.
Rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq əldə olunmuşdur.
Belə ki, 2012-ci ildə 6392 hektar kartof sahəsindən 107 min 572 ton kartof, 6151 hektar tərəvəz sahəsindən 121 min 928 ton tərəvəz, 252 hektar bostan sahəsindən 5742 ton bostan məhsulları, 590 hektar günəbaxan sahəsindən 878 ton günəbaxan, 30 hektar sahədən 392 ton yer fındığı, 59 min 970 ton meyvə istehsal olunmuşdur.
2012-ci ilin yay aylarında havaların quraq keçməsinə baxmayaraq əkin sahələrinin su təchizatında heç bir problem olmamışdır. Bu işdə Şəmkir rayonunda fəaliyyət göstərən Şəmkir suvarma sistemləri, Şəmkir maşın kanal və subartezian quyularının istismarı idarəsinin kollektivlərinin böyük əməyi olmuşdur.
Rayon Subartezian quyularının istismarı idarəsi tərəfindən 735 ədəd subartezian quyusunun normal fəaliyyəti təmin edilmişdir.
Sarıtəpə kəndi yaxınlığında “Azaqro” MMC-yə məxsus istilikxana kompleksinin təyinatı dəyişdirilərək, gül istehsalına başlanılmışdır.
Rayonun iqtisadiyyatında xüsusi yeri olan Şəmkir Quşçuluq fabrikinin fəaliyyəti bərpa olunmuşdur. Fabrikdə 320 min baş quş saxlanılır. Hazırda müəssisədə 80 nəfər işçi çalışır.
Müsbət haldır ki, kənd əməkçiləri tərəfindən 1515 hektardan çox sahədə istilikxanalar tikilmiş və həmin sahədə tərəvəz məhsulları yetişdirilir. İstehsal olunan məhsullar daxili bazarlarla yanaşı xarici ölkələrə də göndərilir.
Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 1 milyon 227 min 108 manat, buğda istehsalçılarının maddi marağını artırmaq mədsədilə 2540 nəfər kənd təsərrüfatı istehsalçılarına 556 min 740 manat pul konpensasiyası verilmişdir.
Bundan başqa mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına görə 1383 nəfərə 535 min 517 manat dövlət büdcəsinin vəsaiti hesabına gübrə satılmışdır.
Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına hər həftə 80-90 ton olmaqla il ərzində 3400 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Bildiyiniz kimi Şəmkir rayonu vaxtilə respublikamızın üçümçülük rayonlarından biri olmuşdur. Hazırda rayonda 526 hektar üzüm bağı vardır.
2012-ci ildə üzüm sahələrindən 21 min 910 ton məhsul toplanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2011-ci il tarixdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair "Dövlət Proqramı" nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq üzümçülüyün inkişaf etdirilməsi üçün rayonda zəruri tədbirlər görülür.
Heyvandarlığın inkişafı, bu sahənin problemləri daim diqqət mərkəzində saxlanılmışdır.
İri buynuzlu mal-qaranın sayı 60 min 583 başa, qoyun və keçilərin sayı 282 min 161 başa çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qaranın sayı 574 baş, qoyun və keçilərin sayı 1003 baş artmışdır.
2012-ci ildə 9399 ton ət (diri çəkidə), 47 min 293 ton süd, 461 ton yun, 41 milyon 421 min ədəd yumurta istehsal olunmuşdur.
Dövlət torpaqlarının icarə haqlarının toplanması işi diqqətdə saxlanılmış, 13 min manat icarə haqqı toplanılaraq yerli büdcəyə köçürülmüşdür.
Rayonun Baytarlıq idarəsində 47 nəfər işçi çalışır. 2012-ci ildə idarə tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində mal-qara, qoyun-keçi və digər heyvanlar arasında infeksion xəstəliklər baş verməmişdir.
2012-ci ildə rayonda heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 8 nəfər süni mayalama texniki tərəfindən 1177 baş iri buynuzlu mal süni mayalandırılmışdır. Süni mayalanma yolu ilə 701 baş cins buzov alınmışdır.

Hörmətli yığıncaq iştirakçıları!

Rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə tədbirlər davam etdirilmişdir.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatı məsələləri Rayon İcra Hakimiyyəti Başçısı yanında fəaliyyət göstərən şura iclaslarında müntəzəm olaraq müzakirə edilmiş və həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Şəmkir Paylayıcı Elektrik Şəbəkəsində165 nəfər işçi çalışır. Şəbəkə tərəfindən 47 min 901 abonentə, o cümlədən 44 min 212 əhali kateqoriyasından olan abonentə xidmət göstərilmişdir.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə 2012-ci ildə rayon daxilində 50.5 km uzunluğunda elektrik verilişi xətlərində cari təmir işləri aparılmışdır.
2012-ci ildə 57 ədəd transformatorda əsaslı, 248 transformatorda cari təmir işləri aparılmış, 185 ədəd müxtəlif tipli dayaqlar dəyişdirilmişdir.
Rayon ərazisində 947 ədəd “SMART kart” tipli sayğaclar quraşdırılmış 1099 ədəd sayğac dəyişdirilmişdir.
İndiyədək rayon üzrə 14.462 abonentin, o cümlədən 13.465 nəfər vətəndaşın mənzilinə “SMART kart” tipli sayğac quraşdırılmışdır.
2013-cü ildə rayonun Zəyəm, Çinarlı qəsəbələrində, Düyərli və Şiştəpə kəndlərində elektrik xətlərinin SİP kabeli və “SMART kart” tipli sayğaclarla əvəzlənməsi işi davam etdiriləcəkdir.
Rayon üzrə əhali tərəfindən 2012-ci ildə 74.8 milyon kilovatsaat elektrik enerjisi istehlak olunmuş və dəyəri 100.4 faiz ödənilmişdir.
Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qaz təchizatı ilə yanaşı bu sahədə olan neqativ hallara, xüsusilə oğurluq və israfçılıq hallarına qarşı mübarizə tədbirləri davam etdirilmişdir.
Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətinə istehsal gücü 380 meqovat olan Şəmkir Su Elektrik Stansiyası, istehsal gücü 150 meqovat olan Yenikənd Su elektrik stansiyası daxildir. 2012-ci ildə Şəmkir SES üzrə planda nəzərdə tutulmuş 625 milyon kilovat saat əvəzinə 632 milyon kilovat saat elektrik enerjisi istehsal edilmiş, plana 101,1 faiz əməl edilmişdir. Yenikənd SES üzrə 271 milyon kilovat saata qarşı, 278 milyon kilovat saat elektrik enerjisi istehsal edilərək plana 102,6 faiz əməl olunmuşdur.
Şəmkir Su Elektrik Stansiyaları silsiləsi üzrə planda nəzərdə tutulmuş 896 milyon kilovat saat elektrik enerjisi əvəzinə 910 milyon kilovat saat elektrik enerjisi istehsal edilmiş, plana 101.6 faiz əməl olunmuşdur.
Hazırda Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətdə 164 nəfər işçi çalışır.
Şəmkir Qaz Istismar Sahəsi tərəfindən 33 min 451 abonentə xidmət göstərilir. Qaz Istismar Sahəsində 189 nəfər işçi çalışır.
Rayonda 1 şəhər, 4 qəsəbə, 40 kənd, 118 sənaye və 64 büdcə təşkilatı təbii qazdan istifadə edir. Hazırda rayon əhalisinin 95 faizi təbii qazla təmin olunmuşdur.
Dövlət Proqramına uyğun olaraq rayonun yaşayış məntəqələrinin qazlaşdırılması prosesi davam etdirilir.
2012-ci ildə rayon ərazisində 854 paqonometr daxili qaz xətləri dəyişdirilmiş, 7768 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.
Rayonun Bayramlı, Muxtariyyat, Qılıncbəyli və Qaralar kəndlərinin birpilləli sistem əsasında qaz təchizatının bərpası işləri davam etdirilir.
Şəmkir şəhərinin Ağdərə, Çəkillik, Krazyolu ətrafında və Seyfəli kəndinin yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması başa çatmaq üzrədir.
Əvvəllər təbii qazla təmin olunmamış Dağcəyir-Günəşli zonasında yerləşən dağ kəndlərinin qazlaşdırılması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır. 2012-ci ildə əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyərinin ödənişi 100 faizdən çox olmuşdur.
Əhalinin içməli su təchizatı rayon İcra Hakimiyyəti Başçısı Aparatının diqqət mərkəzində saxlanılmışdır. Şəmkir şəhərində və digər yaşayış məntəqələrində su kəmərlərinin, subartezian quyularının və kəhrizlərin normal fəaliyyəti təmin edilmişdir. Rayon üzrə içməli suyun dəyəri 101 faiz ödənilmişdir.
2012-ci ildə rayonun avtomobil nəqliyyatı sahəsində 2 milyon 75 ton ötən ilin eyni dövrü ilə müqayisədə 8.8 faiz çox yük daşınmışdır.
Poçt və rabitə müəssisələri tərəfindən əhaliyə 1 milyon 465 min manatlıq xidmət göstərilmişdir. Proqnoz tapşırıqlarına 109.8 faiz əməl edilmişdir. Kür qəsəbə, Seyfəli, Qılıncbəyli, Könüllü, Qapanlı, Qaracəmirli, Mahmudlu, Yeni Həyat, Çaparlı, Bayramlı, Sabirkənd, Dəllər-Cəyir, İrmaşlı və Zəyəm Cırdaxan kəndlərinin telefon şəbəkəsi fiber optik kabelə qoşulmuşdur.
Kür qəsəbəsində və Mahmudlu kəndində müasir üslubda yeni poçt binaları tikilmişdir.
Rayonda gənclərin ordu sıralarına hazırlığına diqqət artırılmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən gənclərin həqiqi hərbi xidmətə göndərilməsi tapşırığı vaxtında yerinə yetirilmişdir. Çağırış yaşlı gənclər arasında çağırışdan yayınma halları qeydə alınmamışdır.
Rayonda dini durum sabit olaraq qalmış, dini qurumların fəaliyyətində qanuna zidd heç bir hadisə qeydə alınmamışdır.
Rayonda rəsmi mətbuat orqanlarına, eləcədə digər qəzet və jurnallara abunə yazılışı diqqət mərkəzində saxlanılmışdır.
“Şəmkir” qəzetinin ayda bir dəfə çıxması təmin edilmişdir.
Rayonun ictimai-siyasi həyatında qazanılmış uğurlarda hüquq-mühafizə orqanlarının da əməyi az olmamışdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatı ilə rayonun Hüquq mühafizə orqanlarının birgə və qarşılıqlı fəaliyyəti rayon daxilində olan bir çox problemlərin həllinə öz müsbət təsirini göstərmişdir.
Rayonda cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin qorunması işinin yaxşılaşdırılması məqsədilə qabaqlayıcı-profilaktiki, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilmişdir.
Rayon üzrə 279 cinayət hadisəsi qeydə alınmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 34 ədəd və ya 10.9 faiz azalmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq korrupsiyaya qarşı mübarizə rayon icra hakimiyyətinin daimi nəzarətində olmuşdur.
Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının yeni tərkibi təsdiq edilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların müraciətlərinə baxılması və qəbulunun təşkili işinə diqqət artırılmışdır.
Hazırda rayon ərazisində əhaliyə göstərilən xidmətlərin elektron sisteminə keçidi ilə əlaqədar intensiv işlər aparılır.
Rayonda bələdiyyələrin işinin istiqamətləndirilməsi, şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi problemlərinin həllində yerli icra nümayəndələri ilə birgə fəaliyyətlərinin təmin edilməsi sahəsində işlər davam etdirilmişdir.
Bir sıra bələdiyyələr öz ərazilərinin sosial problemlərinin həllində fəallıq göstərirlər.
Şəmkir, Çinarlı, Zəyəm Cırdaxan, Qapanlı, Könüllü, Çənlibel, Düyərli, Şiştəpə, Çaykənd bələdiyyələri əhalinin sosial problemlərinin həllində xeyli iş görmüşlər.
Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının və Yeni Azərbaycan Partiyasının Şəmkir rayon Təşkilatının birgə fəaliyyəti rayonda ictimai-siyasi duruma öz müsbət təsirini göstərmişdir. Sıralarında 9242 nəfər partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatı rayonun ictimai-siyasi həyatında aparıcı bir qüvvəyə çevrilmişdir.
Rayonda digər siyasi partiyaların da fəaliyyətinə mövcud qanunvericiliyə uyğun olaraq normal şərait yaradılmışdır.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında və ərazi nümayəndəliklərində idarəetmənin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Dövlət idarəçiliyində müasir iş üslubu və metodlarından istifadə edilməklə bu sahədə olan nöqsanların aradan qaldırılmasına nail olunmuşdur.
İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qurmuşlar.
“Yerli icra hakimiyyətləri haqqında əsasnamə” nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanının 2-ci bəndinə uyğun olaraq rayon icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan və inzibati vəzifə tutan ali təhsili olmayan 32 nəfər dövlət qulluqçusu tutduğu vəzifədən azad edilmiş və onların yerinə ali təhsilli gənc kadrlar təyin edilmişdir.
Ümumiyyətlə son 8 ildə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında və digər yerli dövlət orqanlarında 80-dən çox gənc kadr məsul vəzifələrə təyin edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların qəbuluna və müraciətlərinə baxılması işinə başlıca diqqət yetirilmişdir.
Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatına 1840 ədəd müraciət daxil olmuşdur. Müraciətlərdən 1186 ədədi ərizə, 643 ədədi şikayət, 11-i təklif olmuşdur.
Daxil olan müraciətlərin əksəriyyəti mənzil (565 ədəd), Əmək və əhalinin müdafiəsi məsələlərinə (297 ədəd), sahibkarlığın inkişafına dair (303 ədəd) olmuşdur. Bələdiyyələrin fəaliyyəti ilə bağlı 112 müraciət daxil olmuşdur ki, onun da 110-nu şikayət xarakterli olmuşdur.
Müraciətlərdən 706 ədədi müsbət, 99 ədədi qismən həll edilmiş, 656 müraciətə müvafiq izahat verilmiş, 326 müraciət əsassız sayılmış, 44 ədədi aidiyyatı üzrə göndərilmiş, 9 müraciətin icrası nəzərdə tutulmuşdur.
Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında rayon icra hakimiyyətinin başçısı və onun müavinləri tərəfindən 1395 nəfər vətəndaş qəbul edilmişdir.
Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yerlərdə 54 səyyar qəbul keçirilmişdir. Qəbullarda 18856 nəfər iştirak etmiş və onlar tərəfindən 207 təklif irəli sürülmüşdür. Təkliflərdən 31-i yolların təmirinə, 46-sı əkin sahələrinin suvarılmasına, 18-i qaz xətlərinin çəkilişinə, 33-ü transformatorların və elektrik dayaqlarının təmirinə, 15-i məktəb tikintisinə və uşaq bağçalarının təmirinə, 17-si həyətyanı torpaq sahəsi verilməsinə, 19-u ünvanlı sosial yardım verilməsinə, 10-u subartezian quyularının təmirinə, 18-i digər məsələlərə dair olmuşdur.
Təkliflərin 127-si müsbət həll edilmiş, 60-nın icrası nəzarətə götürülmüş, 20-si isə tövsiyyə xarakterli olmuşdur.
Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinə daxil olan müraciətlərin bir hissəsini əsassız, həlli mümkün olmayan təkrar ərizə və şikayətlər təşkil edir. Belə müraciətlər adətən bir qrup peşəkar şəxslər tərəfindən yazılır və araşdırma zamanı öz təsdiqini tapmır.
Müraciətlərin təhlili göstərir ki, rayonun idarə, müəssisə və təşkilatlarında vətəndaşların qəbulu işi mövcud qaydalara uyğun olaraq təşkil olunmur. Yerli dövlət qurumlarının və digər təşkilatların rəhbərləri tərəfindən vətəndaşların qəbulu zamanı qaldırdıqları məsələlərə həssaslıqla yanaşılmadığından onlar rayon icra hakimiyyətinə və mərkəzi dövlət orqanlarına müraciət etməli olurlar.
Belə hallar vətəndaşların narazılığına, rayonda ərizə və şikayətlərin sayının artmasına səbəb olur.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında təsdiq olunmuş qrafik əsasında ərazi nümayəndəliklərində 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilmişdir.
Yığıncaqlarda 192 tənqidi qeyd və təklif irəli sürülmüşdür. İrəli sürülmüş təklif tənqidi qeydlərin bir hissəsi yerindəcə həll edilmiş, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər planı hazırlanmışdır.

Hörmətli yığıncaq iştirakçıları!

2013-cü ildə Şəmkir rayonunun sosial-iqtisadi inkişafı sahəsində bir sıra mühüm layihələrin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2009-2013-cü illər) Dövlət Proqramı”nda Şəmkir rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası təmin olunacaq.
Rayonun Muxtariyyat, Bayramlı, Qılıncbəyli və Qaralar kəndlərinin qaz təchizatı bərpa ediləcək.
Rayonun dağlıq ərazisində yerləşən Dağ Cəyir-Günəşli-Çaykənd zonasının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işi başa çatdırılacaq.
Şəmkirçay dəryaçasının və dəryaçadan çəkilən magistral kanalların tikintisi davam etdiriləcək.
Şəmkir şəhərinin içməli su və kanalizasiya sisteminin tikintisi davam etdiriləcək.
Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 2 nömrəli məktəbin 480 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik məktəb binalarının tikintisi, Dağ Cəyir və Yeni Göyçə kəndlərində orta məktəb binalarının bərpa-gücləndirmə işləri başa çatdırılacaq.
Şəmkir şəhərində Bayraq meydanı, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi və onun ətrafındakı park, 80 yerlik Mehmanxana (Otel) kompleksi, Bakı-Oksford məktəbinin uşaq bağçası, Abidələr parkının tikintisi, Alman Lüteran kilsəsinin əsaslı təmiri və bərpası başa çatdırılacaq.
Şəmkir şəhərinin daxilində binaların fəsadlarının və dam örtüklərinin dəyişdirilməsi, küçələrdən keçən arxların və bardurların yenilənməsi, küçələrə yeni asfalt beton örtüyünün salınması işləri başa çatdırılacaq.
Dəllər qəsəbəsində Bakı-Oksford məktəbinin 100 yerlik yataqxana binası istifadəyə veriləcək.
Rayon daxilində avtomobil yollarının əsaslı təmir işləri həyata keçiriləcək.

Hörmətli yığıncaq iştirakçıları!

Şəmkir rayonu Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə inkişaf edir, daha da abadlaşır və gözəlləşir. Şəmkirin gələcəyi daha gözəl olacaqdır.
Bu inamı bizə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu sosial-iqtisadi kursu verir.
Şəmkir rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi əmin edir ki, şəmkirlilər Prezidentimizin siyasi kursuna uyğun olaraq rayon iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daim məqsədyönlü işlər görəcəklər.
Diqqətinizə görə sağ olun!
Azərbaycan xalqına eşq olsun!
Yaşasın müstəqil Azərbaycan Respublikası!
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə eşq olsun!
Qoy zəhmətkeş şəmkirlilərin həyatı bundan sonra daha gözəl, daha firavan olsun!
 

Keçidlər