Şriftin ölçüsü :

Saytın rəngi :

ShamkirChess 2018 superturnirinin bağlanış mərasimi keçirilib

28 aprel 2018 | 16:00

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin bağlanış mərasimi təşkil olunub.

Çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Vüqar Həşimovun xatirə turnirinin iştirakçılarına 10 gün ərzində göstərdikləri əzmkar oyuna görə minnətdarlığını bildirib.

Alimpaşa Məmmədov Şəmkirin artıq şahmat şəhərinə çevrildiyini və yerli əhalinin ənənəvi turnirə öyrəşdiyini söyləyib: "Biz hər il böyük səbrsizliklə ShamkirChess superturnirini gözləyirik. Bu tur həm də Azərbaycanın böyük oğlu Vüqar Həşimovun xatirəsini yad etməyə kömək edir. Bu günlər ərzində bütün dünyanın diqqəti Şəmkirə yönəldi. Belə mötəbər yarışın Şəmkirdə təşkili şəmkirlilər üçün idman bayramıdır. Bütün iştirakçılara çox sağ ol deyirəm. Inanırıq ki, biz yenidən Şəmkirdə görüşəcəyik".

Sonra Vüqar Həşimovun atası Qasım Həşimov çıxış etdi. O təşkilatçılara təşəkkürünü bildirdi: "ShamkirChess artıq 5 yaşını qeyd edir. Bu özünəməxsus tarix deməkdir. Oğlum Vüqarın adına belə mötəbər yarışın təşkili Azərbaycanda şahmata olan diqqətin göstəricisidir. Vüqar həmişə belə yüksək səviyyəli turnirin ölkəmizdə təşkilini arzulayıb. Yarışın təşkilatçılığında yaxından iştirak edən bütün təşkilatlara xüsuslə Şəmkir rayon İcra Hakimiyyətinin başçısına, SOCAR və Synergy Groupa çox sağ ol deyirəm. Ümid edirəm ki, bu turnir ənənəvi olaca, növbəti illərdə də təşkil olunacaq".

Nüfuzlu Veyk-An-Zee superturnirinin direktoru Yerun Van Der Berk çıxış edərək belə mötəbər yarışa dəvət olunduğuna görə təşəkkür edib: "Bu gün Şəmkirdə olduğuma görə çox sevinirəm. 80 yaşlı Veyk-An-Zee superturnirini təmsil edirəm. 5 yaşlı ShamkirChess yarışına uğurlar diləyirəm. Çox istəyirəm ki, bu yarış hər il təşkil olunsun" deyən Yerun Van Der Berk Vüqar Həşimovun atası Qasım Həşimova Veyk-An-Zee turnirindən xatirə fotosunu təqdim edib.

Ardınca 10 gün ərzində yarışda baş verən ən maraqlı anları əks etdirən video çarx nümayiş etdirilib.

Synergy Group rəsmisi Fərid Hüseynov çıxışında ShamkirChess turnirinin yaranmasından danışıb: "2014-cü ildə biz bu yarışın təşkilatçılığını düşünəndə səviyyəli turnir barədə düşünürdük. Artıq bu yarışın 5 yaşı var. Demək olar ki, kifayət qədər tanınır. Nüfuzlu şahmatçıları özləri bu yarışda iştirak etməyə can atır. ShamkirChess 2018 əvvəlki illərdə olduğu kimi maraqlı mübarizə şəraitində keçdi. Qalibi təbrik edirəm. Bütün iştirakçılara uğurlar arzu edirəm".

AŞF-nin vitse-prezidenti, ShamkirChess 2018 superturnirinin direktoru Mahir Məmmədov çıxışında Azərbaycanda şahmata və şahmatçılara dövlət səviyyəsində diqqət göstərildiyini dedi: "Biz ShamkirChess 2018 superturnirinin Təşkilat Komitəsi olaraq Şəmkir rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Neft Şirkəti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası eləcə də Synergy Group-la birgə yarışın Vüqar Həşimovun adına layiq təşkil olunması üçün çalışdıq. Vüqar Həşimovun xatirəsinə həsr olunan 5-ci superturnirə maraq gözləniləndən çox oldu.

FİDE reytinqində lider şahmatçıların həmçinin dünya çempionunun Şəmkirə gəlməsi yarışa olan marağı artırdı. Təsadüfi deyil ki, yarışın qalibi yalnız son turda rəsmiləşdi. Bu da yarışda olan yüksək rəqabətin göstəricisi oldu.

Azərbaycanda şahmat yarışlarının təşkili artıq ənənə halını alıb. Bildiyiniz kimi, 2015-ci ildə Dünya Kuboku, bir il sonra isə Ümumdünya Şahmat Olimpiadası Bakıda təşkil olunub. Sözsüz ki, bütün bu yarışlar ölkəmizdə dövlətin və Azərbaycan prezidenti cənab İlham Əliyevin şahmata və şahmatçılara olan diqqəti nəticəsində reallaşıb.

ShamkirChess 2018 superturnirinin baş hakimi Faiq Həsənov yarışın yekun nəticələrini açıqladı. ShamkirChess 2018-in qalibi Maqnus Karlsenə mükafatı turnirin direktoru Mahir Məmmədov təqdim etdi.

Sonda yarışın keçirilməsində əməyi olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Şəmkir rayon İcra Hakimiyyətinə, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi eləcə də Synergy Groupa təşəkkür bildirildi.

Keçidlər