Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatı olub

22 fevral 2018 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir rayonunda məişət zorakılığı ilə bağlı elektron məlumat bankının istifadəsi üzrə təlim keçirib.

Təlimdə Şəmkir və ətraf Rayon İcra Hakimiyyətlərinin əməkdaşları iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək məlumat bankının “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində hazırlandığını bildirib və keçirilən təlimin əhəmiyyətindən bəhs edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat bankının istifadəsi haqqında təlim iştirakçılarına məlumat verib. O bildirib ki, məişət zorakılığı problemi nəinki Azərbaycanda, bütün dünyada mövcuddur. Lakin onun qarşısının alınması ilə bağlı müəyyən tədbirlər var ki, onlardan istifadə etməklə müsbət nəticələrə nail ola bilərik. Bununla bağlı ölkəmizdə də müəyyən işlər görülür.

Qeyd olunub ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli, 331 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli, 207 nömrəli qərarı ilə “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması” qaydaları təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli, 537 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən məişət zorakılığı ilə bağlı məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmalıdır. Qeyd edilib ki, Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradıb.

Çıxış edənlər məlumat bankının işləməsinin əsas prinsipləri, etik qaydalar, məxfilik məsələləri, razılaşdırılmış əməliyyat anlayışları, məlumat bankının hazırlanma texnologiyası və texnoloji standartları haqqında məlumat verib. Eyni zamanda məlumat bankının istifadəsi qaydaları və bölmələrin izahı, məlumat bankının istifadəçi qeydiyyatının aparılması, kömək funksiyası, təlim vəsaiti haqqında danışılıb, əlavələrə baxış və digər informasiyalar diqqətə çatdırılıb.

 

Keçidlər