Şriftin ölçüsü :

Saytın rəngi :

"Bu siyasətin başlıca istiqamətlərindən biri ölkənin regionlarının tarazlı inkişafıdır"- Alimpaşa Məmmədov

28 sentyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar olaraq sənayələşmə siyasəti çərçivəsində qeyri-neft sektorunun şaxələndirilməsi, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində ötən illər ərzində bütün ölkədə məqsədyönlü tədbirlər həyata keçirilib.


Belə tədbirlər çərçivəsində Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir şəhərində inşa edilib. 15 noyabr 2014 – ci tarixdə Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan zavod 2.8 hektar ərazidə inşa edilmişdir.


Dəyəri 20.5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahaibkarlığa Kömək Milli Fondu tərəfindən 7.5 milyon manat güzəştli kredit verilib.


Müasir texnologiyaların tətbiqinə əsaslanan "Nəfis çörək" zavodunun yaradılması, istehsalçıları yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları təmin etməyə imkan verir.


Çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edir.


Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov "Nəfis çörək" zavoduna baş çəkib, işlərin gedişatı ilə yaxından tanış olub.


Rayon İcra Hakimiyyətinin başçısı 4 çörək istehsalı, qablaşdırma xətləri,xammalın daşınması və avtomatik bölgüsu sistemi olan anbara da baxış keçirib.


Cənab Alimpaşa Məmmədov zavodda çörək, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları, kruasan istehsalı ilə tanış olub.


"Nəfis çörək" zavodunun direktoru Rəşad Seyidov bildirib ki, zavod tərəfindən gələcəkdə məhsulların növləri artırılmağı planlaşdırılır: "Gündəlik layihə gücü 60 ton olan zavodda prosesi tam avtomatlaşdırılıb.Zavodun gündəlik istehsal gücü 35 ton, illik isə 12775 tona yaxındır. Zavodda 4 çörək istehsalı xəttləri, qablaşdırma xətləri, soyutma kameraları quraşdırılıb. Çörək xətləri MCS, BENİER, PXN, DİREM xətləridir".


Direktor onu da qeyd edib ki, zavodda 907.00 kv.m olan xammal anbar, hər birinin tutumu 30 ton olan dörd ədəd silo (unun istehsalda avtomatlaşdırılmış formada istifadəsi üçün) çənləri var : "Eyni zamanda hazır məhsulun saxlanması üçün sahəsi 560.00 kv.m olan hazır məhsul anbarı mövcuddur. Zavodda 11 çeşiddə çörək istehsal olunur. Çörəklər əla növ buğda unundan hazırlanır və hərbi hissələrə, dövlət müəssisələrinə, xəstəxanalara, uşaq bağçalarına, məktəblərə, restoranlara, istirahət mərkəzlərinə və s. çatdırılır".


R.Seyidov istehsal olunan məhsulların daşınması haqqında da məlumat verib: "Çörəklərin daşınması üçün nəzərdə tutulmuş 24 ədəd xüsusi təyinatlı avtomobillər mövcuddur".


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bildirib ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir: "Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir".


Cənab Alimpaşa Məmmədov Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən milli sosial-iqtisadi modelin başlıca istiqamətləri ölkə iqtisadiyyatının dinamik inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi olduğunu vurğulayıb: "Bu modelin müvəffəqiyyətlə icra olunması nəticəsində Azərbaycanın genişmiqyaslı uğurları ardıcıl xarakter almış, ölkəmiz ərzaq və enerji təhlükəsizliyini təmin edərək öz siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur".


Yenicə istehsaldan çıxan isti çörəklərə baxış keçirən icra başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti "Güclü dövlət, yüksək rifah" prinsipinə əsaslanır:"Bu siyasətin başlıca istiqamətlərindən biri isə ölkənin regionlarının tarazlı inkişafıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq olunan regionların davamlı iqtisadi yüksəlişi strategiyasının möhtərəm Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla davam etdirilməsi bölgələrin sürətli inkişafına, ölkəmizdə liberal, ünvanlı və kompleks dövlət proqramlarına əsaslanan sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsinə imkan yaratmışdır. Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir".


Qeyd edək ki, zavodun yerləşdiyi ümumi torpaq sahəsi 2,055 ha ərazini təşkil edir. Zavodun təməli 07 mart 2014-cü il tarixində qoyulmuş, 15 noyabr 2014-cü il tarixində açılışı olmuşdur. Zavodda 200-ə yaxın işçi çalışır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu Almaniyanın ən son texnologiyası əsasında qurulub".

Keçidlər