Şriftin ölçüsü :

Saytın rəngi :

"Shamkir Chess 2017" başa çatdı

30 aprel 2017 | 16:00

Aprelin 30-da Şəmkir Heydər Əliyev Mərkəzində beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” super turnirinin təntənəli bağlanış mərasimi olub.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov turnir iştirakçılarını salamlayaraq bildirib ki, artıq on gündür Şəmkirdə bayram əhvalı yaşanır. Paytaxtdan 400 kilometr məsafədə yerləşən Şəmkir beynəlxalq şahmat yarışına dördüncü dəfə ev sahibliyi edir. Bu, ulu öndər Heydər Əliyevin idmana və idmançılara doğma münasibətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.
Yarışın əhəmiyyətindən söz açan Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib ki, artıq dördüncü dəfə keçirilən ənənəvi turnir uğurla başa çatıb. Respublikada şahmatın inkişafı ilə bağlı görülən işlərdən danışan vitse-prezident bildirib ki, gələn il V “Shamkir Chess 2017” şahmat turnirində də dünyanın tanınmış şahmatçıları mübarizə aparacaq. O deyib : “Bu il biz ikiqat sevinc yaşadıq. Çünki millimizin üzvü Şəhriyar Məmmədyarov artıq ikinci ildir ki, turnirin qalibi oldu”.
Gürcüstan Şahmat Federasiyasının Prezidenti Giorgi Giorqadze çıxış edərək Gürcüstan ilə Azərbaycan Şahmat federasiyaları arasındakı əlaqələrdən danışıb, Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb.
“Shamkir Chess 2017”nin Təşkilat Komitəsinin sədri, turnirin direktoru Fərid Hüseynov çıxışında turnirin yüksək səviyyədə işıqlandırdıqlarına görə bütün media nümayəndələrinə təşəkkürünü bildirib. Qeyd edib ki, "Synergy Group" olaraq Vüqar Həşimovun xatirəsinə gələn il keçiriləcək V yubiley turnirini daha yüksək səviyyədə təşkil edəcəklər.
Diqqətə çatdırılıb ki, 2010-cu ildə yaradılan “Synergy Group” özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Azərbaycanda təhsilin, idmanın inkişafına və eyni zamanda, ölkəmizin dünyada tanınmasına töhfəsini bundan sonra da davam etdirəcək.
Vüqar Həşimovun qardaşı Sərxan Həşimov çıxış edərək ardıcıl dördüncü dəfə baş tutan yarışın təşkilatçılarına təşəkkürünü bildirib. Vüqar Həşimovun oyun üslubuna yaxın partiya sərgilədiyi üçün Şəhriyar Məmmədyarova, yüksək təşkilatçılığa görə “Synergy Group” ASC-nin İdarə Heyəti sədrinin müavini Fərid Hüseynova minnətdarlığını bildirib.
Sonra Vüqar Həşimovun ailəsi tərəfindən təsis olunan mükafat hindistanlı şahmatçı Pentala Harikrişnaya və Təşkilat Komitəsinin sədri Fərid Hüseynova təqdim edilib.
Daha sonra turnirin baş hakimi Faiq Həsənov yarışın nəticələrini elan edib.
Sonda Şəhriyar Məmmədyarova “Shamkir Chess 2017”nin kuboku təqdim olunub.

 

Keçidlər