Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ DÖVLƏT BAYRAĞI GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLİB

07 noyabr 2019 | 16:00

Nəfəsli orkestrin müşayiəti ilə dövlət himni səsləndikdən sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, əsgərləri və rayon ictimaiyyətinin nümayəndələri, ümumilikdə 500-ə yaxın şəmkirli Şəhidlər Xiyabanından Bayraq Meydanına yürüş ediblər.

Əsgərlər 100 metrə uzunluğunda olan Azərbaycan bayrağını Şəhidlər Xiyabanından Bayraq Meydanına gətirib, sonra məktəblilər marş sədaları altında tədbir iştirakçılarının qarşısından keçiblər.

Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək üçrəngli bayrağın hər bir azərbaycanlı üçün məhəbbət simvoluna çevrildiyini qeyd edib, ölkə başçısı Cənab İlham Əliyevin dövlət bayrağının müqəddəsliyi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

Qeyd edib ki, dünyada ilk hündür bayraq Azərbaycanda, Bakıda ucaldılıb, məhz burada bayraq muzeyi yaradılıb. Şəmkirin Bayraq meydanında dalğalanan bayraq isə hündürlüyünə görə Respublikada ikinci ən uca bayraqdır.

Bayram tədbirində Azərbaycan bayrağının tezliklə Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə olunub.

Sonra musiqi kollektivləri Vətənə, qəhrəmanlığa həsr olunmuş konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış edib.

Keçidlər