Şriftin ölçüsü :

Saytın rəngi :

İSTİFADƏYƏ VERİLDİKDƏN SONRA ŞƏMKİRİN ƏN BÖYÜK BAĞÇASI OLACAQ

09 sentyabr 2019 | 16:00

Kür qəsəbə körpələr evi-uşaq bağçasında təmir-tikinti işləri sürətlə aparılır

Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Şəmkir rayonunda yeni bağça binalarının tikilməsinə və yaxud da əsaslı şəkildə təmir olunmasına bu gün böyük önəm verilir. Azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda aparılan bütün tikintilərlə yanaşı uşaq bağçalarındakı təmir işləri ilə yaxından tanış olur, tikintinin keyfiyyətlə başa çatdırılması barədə hər zaman öz tapşırıq və tövsiyələrini verir.

Son 4 ildə Şəmkir şəhər 3, 4 və 8 saylı, Keçili, Qaracəmirli, Dəllər Cırdaxan, Çaparlı, Dəllər qəsəbə 2 saylı körpələr evi uşaq bağçaları tamamilə yenidən qurularaq balaca fidanların ixtiyarına verilib. Hazırda isə 240 yerlik rayonun ən böyük bağçası adına namizəd Kür qəsəbə körpələr evi-uşaq bağçası və 80 yerlik 5 saylı Şəmkir şəhər körpələr evi-uşaq bağçası təmir olunur.

Rayon rəhbəri Kür qəsəbə körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub.
İş icraçıları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində demək olar ki, bütün əsas işlər başa çatıb. Bundan əlavə, üzlük vurulması işi görülür. Eyni zamanda uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.

İcra Başçısı bağçada görülən bütün işlərin keyfiyyətlə aparılması və sürətləndirilməsi barədə tapşırıq verib.

Onu da qeyd edək ki, 240 yerlik Kür qəsəbə körpələr evi-uşaq istifadəyə verildikdən sonra Şəmkirin ən böyük uşaq bağçası olacaq. Təmir işləri tam yekunlaşandan sonra bağçada təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulacaq. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verəcək. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz ediləcək.

Keçidlər