Şriftin ölçüsü :

Saytın rəngi :

İDMANÇIMIZ İTALİYADA AVROPA BÜRÜNCÜNƏ SAHİB ÇIXDI

25 iyun 2019 | 16:00

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında iştirak edən şəmkirli idmançı Zirəddin Bayramov 55 kq çəki dərəcəsində ilk görüşdə çətinlik çəkmədən belaruslu həmkarını yolundan kənarlaşdırıb.

Şəmkir Rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin yetirməsi qarşısında gürcü idmançı da aciz qalıb. Ancaq Zirəddin Bayramov finalın bir addımlığında türk güləşçiylə bacarmayıb və iyunun 22-də 3-cü yer uğrunda mübarizə aparıb.

Erməni rəqibiylə qarşılaşma dramatik alınıb. Hesabda 0:6 geriyə düşən Zirəddin əzmkarlıq nümayiş etdirərək möhtəşəm geridönüşə nail olub və bürünc medalı boynundan asıb.

Qeyd edək ki, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş idman növü üzrə idmançısı Bayramov Zirəddin İslam oğlu Şəmkir rayon Qapanlı kəndində anadan olub.

Bu qələbə münasibəti ilə Şəmkir Rayon İcra Hakimiyyəti və bütün şəmkirlilər adından idmançımız Zirəddin Bayramovu qələbə münasibəti ilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Keçidlər