Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİR DÜNYA ŞAHMATININ LİNARESİNƏ ÇEVİRİLİB"

30 mart 2019 | 16:00

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin açılış mərasimi keçirilib.

Şəmkirdə Heydər Əliyev Mərkəzində 6-cı dəfə təşkil olunan yarışın açılış mərasimində əvvəlcə V.Həşimova həsr olunmuş videorolik göstərilib.

Tədbirdə çıxış edən Şəmkir Rayonun İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, ildən-ilə bu tədbirin yüksək səviyyədə təşkili dünya şahmat ictimaiyyətinin marağına səbəb olub. O, superturnirin yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını bildirib. İcra başçısı Şəmkirin dünya şahmatının Linaresinə çevrildiyini vurğulayıb. Sonda A.Məmmədov yarış iştirakçılarına uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov məşhur şahmatçıların "ShamkirChess"ə qatılmasını Azərbaycanda idmana, xüsusən şahmata verilən dəstəyin nümunəsi adlandırıb: "Çox şadıq ki, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmişik. Ölkəmizdə hələ ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə 70-dək şahmat məktəbi tikilib. Ümidvaram ki, bu turnir Azərbaycanda xüsusən uşaqların şahmata cəlb olunmasına böyük dəstək olacaq. Yarışa dəstək olan bütün qurumlara minnətdarlığımı bildirirəm. Şahmatçılara isə uğurlar arzulayıram".

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov şirkətin prezidenti Rövnəq Abdullayev adından yarış iştirakçılarını salamlayıb. O, "ShamkirChess"in 6-cı dəfə təşkilini ölkədə şahmata göstərilən diqqətin nümunəsi adlandırıb.

Vüqar Həşimovun atası Qasım Həşimov artıq bu superturnirin ənənəvi təşkili üçün heç bir tərəddüdlərin qalmadığını vurğulayıb. O, belə mötəbər yarışın keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

"ShamkirChess"in Təşkilat Komitəsinin sədri, Azərbaycan Şahmat Federasiyasının, eyni zamanda FİDE-nin vitse-prezidenti Mahir Məmmədov yenə turnirə ən güclü şahmatçıların qatıldığını diqqətə çatdırıb və bunu sevindirici hal adlandırıb: "Azərbaycanda şahmata münasibət tam fərqlidir. Dövlət proqramının qəbulu uğurlarımıza təsirsiz ötüşmədi. Kişilərdən ibarət yığmamız 3 dəfə Avropa çempionu oldu. Buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdaram".

M.Məmmədov turnirdə FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin də iştirakının gözlənildiyini bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov "ShamkirChess"də hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi bu il də yarışın maraqlı keçəcəyini vurğulayıb. O, dünya çempionu Maqnus Karlsenin ən yüksək reytinq xalını məhz "ShamkirChess"də topladığını açıqlayıb.

Daha sonra yarışın püşkü atılıb.

Turnirə aprelin 9-da yekun vurulacaq.

 

Keçidlər