Şriftin ölçüsü :

Saytın rəngi :

Fərasət Qurbanov: Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib

16 oktyabr 2018 | 16:00

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Şəmkirdə konfrans keçirilib.

Konfransda Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, rayonda fəaliyyət göstərən Qeyri-Hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Daha sonra məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vurğulayıb ki, Şuranın yaranması əsasını ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə olan yüksək diqqətinin təzahürüdür.

Toplantıda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şuranın dəstəyilə ölkə QHT-lərinin milli maraqlarımızın qorunması və ictimai maarifləndirmə istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib. İcra başçısı Şuranın regionlarda da yerli QHT və icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurduğunu diqqətə çatdırıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov son illərdə rayonda bir sıra ictimai birliklərin təsis edilməsini şəmkirlilərin ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu işinə töhfəsi kimi dəyərləndirib. Bildirilib ki, Şəmkirdə bir sıra ictimai əhəmiyyətli mənəvi məsələlərin həllinə kömək olmaq və mental dəyərlərin qorunması məqsədilə Ağsaqqallar Şurası təsis edilib. Sonradan Ağsaqqallar Şurasının fəaliyyəti genişləndirilərək rayon üzrə hər bir kənddə belə şuralar yaradılıb. Həmçinin gənclərin vətəndaş cəmiyyəti quruculuğu sahəsindəki fəaliyyətlərini artırmaq məqsədilə rayonda “Gənc müəllimlər”, “Gənc həkimlər”, “Gənc tərbiyəçilər” ictimai birlikləri təsis edilib. Həmin ictimai birliklərin fəaliyyətini koordinasiya etmək məqsədilə “Böyük yol” Gənclər İctimai Birliyi yaradılıb. Hazırda Şəmkirdə dövlət və beynəlxalq əhəmiyyətli bütün mühüm tədbirlərdə bu ictimai birliklərin yaxından iştirak etdiklərini və təşəbbüslər irəli sürdüyünü deyən Alimpaşa Məmmədov bildirib ki, rayonda gənclərin bu cür fəaliyyəti bundan sonra da dəstəklənəcək.

Keçidlər