Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI TƏNTƏNƏLİ QEYD EDİLİB

01 oktyabr 2018 | 16:00

Şəmkir rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə rəhbərləri iştirak etdikləri bayram tədbiri iştirakçıları əvvəlcə Şəmkir şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra prokurorluq işçilərinin peşə bayramı Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən geniş toplantı ilə davam etdirilib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Şəmkir Rayon prokuroru Azər Hətəmov çıxış edərək peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini təbrik edib.

Azər Hətəmov bildirib ki, peşə bayramını qeyd edən prokurorluq orqanları həmişə ölkəmizdə həyata keçirilən yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində digər dövlət təsisatları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd edib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.

İcra başçısı bildirib ki, Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşıb. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının bu gün məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.

Alimpaşa Məmmədov Prezident İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edir.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tərəfindən rayon prokuroru Hətəmov Azər Abuzər oğluna və Qazax Hərbi prokurorluğunda prokuror vəzifəsini icra edən Əhmədov Bəhruz Vidadi oğluna fəxri fərman verilib.

Keçidlər